Fələstinin müqavimət qrupları Türkiyəni dəstəkləyib
Fələstinin İslami Müqavimət Hərəkatı HƏMAS və İslami Cihad Hərəkatı S-400 sistemləri ilə bağlı ABŞ-ın Türkiyəyə tətbiq etdiyi sanksiyaları qınayıblar.
SəhərAzəri xəbər verir, bu barədə məlumat bu qrupların verdiyi açıqlamalarda yer alıb.
Fələstinin İslami Cihad Hərəkatının sözçüsü Davud Şihab qeyd edib ki, ABŞ-ın sanksiyaları onun siyasətinə qarşı çıxan dövlətlərə, hökumətlərə, cəmiyyətlərə, xalqlara qarşı zorbalığın əlamətidir.
Eyni zamanda, Fələstinin İslami Müqavimət Hərəkatı HƏMAS-ın siyasi bürosunun üzvü İzzət Ər-Rəşaq Türkiyəyə dəstək olub.
İzzət Ər-Rəşaq açıqlamasında bildirib ki, HƏMAS hərəkatı ABŞ-ın Türkiyəyə qarşı sanksiyalarını pisləyir.
"Türkiyəyə tam olaraq dəstək veririk. Qardaş ölkə Türkiyə ilə tam həmrəy olduğumuzu bəyan edirəm", - deyə İzzət Ər-Rəşaq diqqətə çatdırıb.
HƏMAS rəsmisi ABŞ-ın Türkiyənin uğurlarını həzm edə bilmədiyini də sözlərinə əlavə edib.