Yan 12, 2021 11:25 Asia/Baku
  • Türkiyə Yunanıstandan danışıqları bərpa etməsini xahiş edib

Türkiyənin xarici işlər naziri Yunanıstandan iki ölkənin sərhəd ixtilaflarının həlli ilə bağlı danışıqlara yenidən başlamasını xahiş edib.

SəhərAzəri xəbər verir, Ankarada Kiprin türk hissəsinin xarici işlər naziri Təhsin Ərtoğruloğlu ilə görüşdən sonra Mövlud Çavuşoğlu Yunanıstanı Şərqi Aralıq dənizində neft və qaz yataqlarının istismarı ilə bağlı münaqişələrin həll edilməsi üzrə birinci iclasda iştiraka çağırıb.

Türkiyənin xarici işlər naziri deyibdir ki, Yunanıstan rəsmiləri istəyərlərsə, ilk görüş yanvar ayında keçirilə bilər.

Ankaradan heç bir rəsmi dəvət almadığını bildirən Yunanıstan Xarici İşlər Nazirliyi şelfin və xüsusi iqtisadi bölgələrin sərhədlərinin müəyyən edilməsi ilə bağlı danışıqlara başlamağa hazır olduğunu qeyd edib.

Şərqi Aralıq dənizində mübahisəli məsələlərin həlli üzrə son ilkin dialoq 2016-cı ildə baş tutub.

Avropa Birliyi ölkələrinin dövlət başçıları ötən ilin dekabr ayında Brüsseldə keçirilən görüşdə Türkiyənin Aralıq dənizində Yunanıstana və Kiprə qarşı qanunsuz və təcavüzkar hərəkətlərini cəzalandırmaq qərarına gəldilər.

Afina ilə Ankara arasındakı böhran Türkiyənin «Oruc Rəis» tədqiqat gəmisini ötən ilin avqust ayında münaqişəli bölgələrə göndərməsilə kəskinləşdi.

Teqlər