Bayden Türkiyəni "soyqırım" kartı ilə cəzalandırır?
Baydenin ermənilərə loyallıq nümayiş etdirməsi siyasi dairələrdə ciddi müzakirələrə yol açıb
SəhərAzəri xəbər verir ki, Amerika prezidenti Co Bayden aprelin 24-də məlum qərarı ilə gündəmi dəyişdi. O, Ağ Evin rəsmi saytında verilən açıqlamada 1915 hadisələrini "soyqırım" kimi tanıyıb.
ABŞ rəhbərliyinin bu addımı təbii olaraq, Türkiyəni qəzəbləndirib və dərhal Amerika səfirinə etiraz notası verilib. Bununla yanaşı Türkiyənin xarici işlər naziri Bayden-in 1915-ci il hadisələri ilə əlaqədar "soyqırım" ifadəsini istifadə etməsini tənqid atəşinə tutub.
Xatırladaq ki, 1915-ci ildə Osmanlı İmperiyasında baş verənlər Rusiya, Almaniya, Fransa, Kanada və dünyanın bir sıra digər ölkələrində "erməni soyqırımı" kimi tanınıb. Türkiyə soyqırım ittihamlarını qəbul etmir və bildirir ki, ölənlərin sayı iddia edildiyindən qat-qat az olub və hadisələr Osmanlı hökuməti tərəfindən planlaşdırılmış və sistematik həyata keçirilən akt olmayıb.
Bundan başqa Türkiyə prezidenti ölkəsinin 1915-ci illə bağlı bütün arxivləri açmağa və üçüncü tərəfin də iştirakı ilə bütün sənədləri araşdırmağa hazır olduğunu bəyan edib və rəsmi Yerevanı da onda olan arxivləri açmağa çağırıb.
Bununla belə Bayden Türkiyə-ABŞ münasibətlərini təhlükə altında qoyan qərarı verməkdə tərəddüd etməyib və bu haqda hətta türkiyəli həmkarını məlumatlandırıb. Əslində belə bir qərarın veriləcəyi əvvəlcədən gözlənilirdi də. Çünki Amerika erməniləri o cümlədən Kaliforniya ştatında geniş nüfuza malik erməni icması 3 noyabr seçkilərində Trampa yox, Baydenə səs verdi. Daha çox ona görə ki, respublikaçı prezidentin Qarabağla bağlı passiv siyasəti onları qane etmirdi. Məhz bu kontekstdə demokratlar hökuməti formalaşan kimi ermənipərəst siyasət sürətlə icraya qoyuldu; Ermənistana hər cür dəstəyin veriləcəyi və Azərbaycana qarşı sanksiyaların bərpası ilə bağlı vədlər məhz bu siyasətin təntənəsi kimi qəbul oluna bilər. Elə qondarma erməni soyqırımının tanınmasına da məhz bu prizmadan yanaşmaq lazımdır. Bu minvalla gələcək illərdə isə ABŞ-ın Türkiyə və Cənubi Qafqazla bağlı xarici siyasətində erməni lobbi təşkilatlarının təsiri daha artıq hiss oluna bilər.