Türkiyədə meşə yanğınları
100-dən çox yanğın ocağı nəzarət altına alınıb - yeniləndi
Türkiyədə meşə yanğınlarını nəzarət altına almaq üçün səylər artırılır.
SəhərAzəri-nin məlumatına əsasən, son günlər Türkiyədə 100-dən çox meşə yanğını söndürülüb. Buna baxmayaraq, Antalya və Muğlada 5 yanğın ocağına nəzarəti ələ almaq mümkün olmayıb.
Bunu Türkiyənin kənd və meşə təsərrüfatı naziri Bəkir Pakdəmirli Tvitter səhifəsində yazıb.
Nazir bildirib ki, iyulun 28-dən avqustun 1-dək 107 meşə yanğını nəzarət altına alınıb.
Bodrumdan gələn xəbərlərə görə isə, bu bölgədə Gökpınar və Mazı kəndlərində yanğın yaşayış yerlərinə keçib. Kənddəki evlər boşaldılıb, yanğınsöndürmə işləri davam edir.
Muğlanın Milas rayonunda Bəyçilər məhəlləsində meşəlik ərazidən başlayan yanğın da küləyin təsirindən daha da şiddətlənib.
Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca deyib ki, Marmaris və Bodrumda baş verən meşə yanğınları nəticəsində 160 nəfər xəsarət alıb. Onlardan 159-nun müalicəsi artıq başa çatıb.
Türkiyənin Muğla vilayətinin Bodrum rayonunda başlayan yanğınla əlaqədar genişmiqyaslı tədbirlər həyata keçirilir. Yanğının söndürülməsində İran İslam Respublikası Müdafiə Nazirliyinin yanğınsöndürmə təyyarələri d fəal iştirak edirlər.
Hazırda bölgədə yanğının yaşayış məntəqələrinə yayılmaması üçün havadan və qurudan yanğınsöndürmə işləri həyata keçirilir. Bölgədəki otellərdən turistlərin gəmilərlə təxliyəsinə başlanılıb.
Qeyd edək ki, dünən Türkiyənin meşə və kənd təsərrüfatı naziri Manavqatda üç, Marmarisdə isə bir nəfərin yanğın fəlakətindən vəfat etdiyini açıqlamışdı. Bununla da Türkiyədəki yanğınlarda həlak olanların sayı altıya çatıb.
Bu arada Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğan yanğından təsirlənən vətəndaşlara yardımların ediləcəyini, dövlətin bütün imkanları ilə onların yanlarında olacağını qeyd edib.
Yanan ərazilərin başqa məqsədlə istifadəsinə yol verilməyəcəyini deyən Ərdoğan təkrar meşə zolağının salınacağını vurğulayıb.