Avq 04, 2021 14:22 Asia/Baku
  • Nazir yeni xəbərləri açıqladı

Türkiyədə səkkizinci gündür davam edən meşə yanğınlarının söndürülməsi üçün işlər davam edir. Yanğınlarında daha bir nəfər həyatını itirib.

SəhərAzəri-nin məlumatına əsasən, bu barədə Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bəkir Pakdəmirli açıqlama verib.

Pakdəmirli 152 yanğın ocağının söndürüldüyünü, 11-nin isə hələ də davam etdiyini söyləyib.

Bu arada xəbər verilir ki, Muğladakı yanğınlar Milas rayonundakı İstilik Elektrik Stansiyasına (İES) yaxınlaşıb. Hazırda İES-in 1 kilometrliyində yanğınla mübariz aparılır. 

Milas bələdiyyə başçısı Məhəmməd Tokat sosial media hesabında, "Vəziyyət çox ciddidir. Alovlar İES-in yaxınlığındadır. Mümkünsə gecəgörmə qabiliyyətinə malik bir təyyarə və ya vertolyot göndərilsin" deyə bildirib.

Türkiyənin Meşə Təsərrüfatı İdarəsindən verilən məlumata görə isə, son 8 gün ərzində Türkiyənin 39 vilayətinin meşələrində yanğın hadisələri qeydə alınıb.

Hazırda 11 meşə yanğını davam edir.

Söndürmə işlərinə 5250 nəfər, 16 təyyarə, 9 PUA, 45 helikopter, minə yaxın texnika cəlb edilib.

Yanğının qarşısını almaqda Azərbaycan Respublikası və İran İslam Respublikası ilə yanaşı bir çox ölkə Türkiyəyə köməklik göstərir. Bununla əlaqədar Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan ölkəsinə dəstək verən, dua edən və başsağlığı verən bütün ölkələrə və təşkilatlara təşəkkür edib.   

Ərdoğanın deyib: "İnşallah, bu çətin prosesi ən qısa zamanda keçəcəyik. İlk andan etibarən göstərdikləri dəstəyə görə xüsusilə Azərbaycanın prezidenti İlham Əliyevə, Rusiya prezidenti Vladimir Putinə və İspaniyanın baş naziri Pedro Sançesə ölkəm adından təşəkkürümü bildirirəm. Göstərdikləri güclü həmrəyliyə görə qonşumuz İran prezidenti İbrahim Rəisiyə, Qətər Əmiri Şeyx Təmimə, Xorvatiya prezidenti Zoran Milanoviçə və Ukrayna prezidenti Vladimir Zelenskiyə minnətdarlığımı bildirirəm". 

 

Teqlər