Avq 19, 2021 11:00 Asia/Baku
  • Ərdoğan Ankaranın Talibanla Əməkdaşlığa

Türkiyə hökuməti hələ beynəlxalq birlik tərəfindən tanınmamış Talibanla bazarlığa hazırlaşır.

SəhərAzəri-nin məlumatına əsasən, “Türkiyə bizim üçün qardaş ölkədir. İslam ölkəsidir”. Bunu Türkiyənin “A Haber” televiziyasına açıqlamasında Taliban sözçüsü Süheyl Şahin deyib. O, Türkiyə qüvvələrinin Əfqanıstanda olmasını müsbət qiymətləndirib və deyib: “Onların burada olması bizim üçün çox yaxşıdır. Türkiyə ilə çox yaxşı münasibətlər qurmağı hədəfləyirik. Hər hansı bir maddi yardım və ya əməkdaşlıq üçün Türkiyə ilə bir arada olmaq istəyirik”.

Əfqanıstanı ələ keçirmiş "Taliban" qrupunun Türkiyə ilə bağlı bəyanatına dərhal bu ölkədən cavab gəlib.

Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğan jurnalistlərə açıqlamasında talibançıların mövqeyindən razı qaldığını dilə gətirib. “Türkiyə “Taliban”la əməkdaşlığa açıqdır. Hakimiyyətdə kim olursa-olsun, yaxşı və pis gündə Əfqanıstanın yanında olmaq qardaşlıq gərəyidir. Əfqanıstanın yanında olmaq öhdəliyimizin və qardaşlığımızın tələbidir. Taliban nümayəndələrini qəbul edəcəyimizi daha əvvəl bildirmişdik. Bu gün də həmin mövqeyimizi qoruyuruq. Taliblərin müsbət açıqlamalarını biz məmnuniyyətlə qarşılayırıq”, - deyə dövlət başçısı bildirib.

Ərdoğan həmçinin Taliban liderlərinin mülayim açıqlamalarını alqışladığını xüsusi vurğulayıb. Onun sözlərinə görə, Əfqanıstandakı Türkiyə sülhməramlıları heç zaman hərbi əməliyyatlarda istifadə edilməyib. İndiki şəraitdə isə Türkiyənin Əfqanıstanda hərbi varlığı yeni rəhbərliyin beynəlxalq arenada fəaliyyətini gücləndirəcək və işini asanlaşdıracaqdır.

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu da "Taliban"ın Türkiyə barədə mesajlarını müsbət qarşıladıqlarını deyib. "Türkiyə Əfqanıstanda bütün tərəflərlə dialoqu davam etdirir. Ankara Əfqanıstanda sabitliyin bərpa olunması üçün ən çox dəstək verən ölkələrdən biridir” - deyə diplomat qeyd edib.

Türkiyə Ümidvardır ki, Talibanın beynəlxalq birliklə əlaqə qurmaq niyyəti onu Ankaraya yaxınlaşmağa vadar edəcək və bu yolla da Türkiyənin Əfqanıstanda maraqları təmin olacaqdır. Daha dəqiq desək, Türkiyə Talibanla Qərb arasında körpü rolunu oynamağı, həmçinin Əfqanıstandakı bərpa işlərindən pay almaqla öz iqtisadiyyatını sahmana salmağı hədəfləyib.

Doğrudur, Türkiyə bundan əvvəl özbəklər kartı ilə Əfqanıstanda rol oynamağa çalışırdı, lakin özbək general Əbdülrəşid Dostumun Əfqanıstandan çıxması ilə Türkiyə bu şansı itirdi və indi ola bilsin ki, Taliban sıralarında olan özbəklər və türkmənlərə güvənir.  

Maraqlıdır ki, Türkiyə ilə Taliban arasında əlaqələrin qurulması işində Pakistan vasitəçilik edir və bu dövlət yeni reallıqları nəzərə alaraq Türkiyəni yaxın gələcəkdə Taliban hökumətini tanımağa və Əfqanıstandakı yeni rejimlə geniş əlaqələr qurmağa təşviq edir. Eyni zamanda istisna deyil ki, Qətər dövləti də həm Türkiyənin, həm də Talibanın müttəfiqi olaraq bu bazarlıqda rol oynayır və Türkiyənin Talibana yaxınlaşmasında maraqlıdır.

Lakin Türkiyənin ana müxalifəti olan Cümhuriyyət Xalq Partiyası türk hərbçiləri və təhlükəsizlik qüvvələrinin tez bir zamanda Əfqanıstandan çıxarılmasını tələb edir. Və hökuməti beynəlxalq ictimaiyyətlə, o cümlədən də Türkiyənin üzvü olduğu Şimali Atlantika Alyansı NATO ilə uzlaşdırılmış siyasət yürütməyə çağırır.

Əlbəttə ki, Ərdoğan belə çağırışlara adətən məhəl qoymur və təkbaşına qərar qəbul edir. O həm də 2023-cü il seçkilərini udmaq üçün hər bir fürsətdən faydalanmağı düşünür. Amma nəzərə almaq lazımdır ki, Əfqanıstanda hökm sürən qeyri-müəyyənliyə xatir hər şey Ərdoğanın istədiyi istiqamətdə inkişaf etməyə və hətta əks nəticə də verə bilər.

 

Teqlər