Türkiyə Prezidentindən
5-li, yaxud 6-lı platformaya çağırış
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bosniya və Herseqovina və Monteneqroya səfərdən sonra jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, 10 noyabr razılaşmasına hamı sadiq qalarsa regionda inkişafa yeni imkanlar yaranacaq.
SəhərAzəri-nin verdiyi məlumata görə,Türkiyə Prezidenti 10 noyabr razılaşmasından sonrakı mərhələni tarixi fürsət adlandıraraq deyib: “Bu tarixi fürsətdən yaxşı istifadə etmək istəyən bütün tərəflərlə çalışmağa hazırıq.
Ərdoğan özünün 5-li, yaxud 6-lı platforma təklifini xatırladaraq deyib: Bu platformada Türkiyə, Azərbaycan, Rusiya, İran və Ermənistan nəzərdə tutulur. Hətta biz bu platformaya Gürcüstanı da daxil etməyi təklif etdik. Əgər əməkdaşlıq platforması bu şəkildə qəbul edilərsə, bölgə inkişaf edəcək.
Türkiyə prezidentinə görə bölgədə inşa ediləcək dəmir yolları, avtomobil yolları sözü gedən platforma olduğu halda könülləri də bir-birinə bağlayacaq.
Rəcəb Təyyib Ərdoğan bu barədə Rusiya və Azərbaycan Respublikası prezidentləri ilə həmfikir olduğunu xatırladıb və deyib: Bu arada İranda prezident dəyişdi, bu ölkənin yeni prezidenti İbrahim Rəisi ilə də bu məsələ ilə bağlı danışa bilərik. Sonra yenidən bu əməkdaşlıq platformasının yaradılması üçün addımlarımızı atarıq”.