Dek 13, 2021 11:07 Asia/Baku
  • Türkiyə
    Türkiyə

Minlərlə İstanbul sakini artan inflyasiyaya və alıcılıq qabiliyyətinin aşağı düşməsinə etiraz olaraq, aksiya keçirib.

SəhərAzəri-nin məlumatına əsasən, "Frans Press"in məlumatına görə, bu Türkiyə iqtisadiyyatının həftələrdir yaşadığı təlatümlər fonunda keçirilən ilk böyük aksiyadır. 

Əsas həmkarlar ittifaqının çağırışı ilə küçələrə çıxan nümayişçilər şüarlar səsləndirərək, hökuməti vəziyyətə son qoymaq üçün təsirli tədbirlər görməyə çağırıblar.

Bundan əvvəl də Türkiyənin paytaxtı Ankarada insanlar kütləvi aksiya keçirərək, "Hökumət istefa versin" və "Keçə bilmərik" kimi şüarları səsləndirib, bu ölkədə iqtisadi vəziyyətin pisləşməsinə etiraz ediblər. 

Müstəqil İnflyasiya Araşdırma Qrupunun araşdırmasına görə, Türkiyədə real illik inflyasiya 58 faizdən çoxdur. Amma Türkiyənin Statistika Mərkəzi daha əvvəl noyabr ayında inflyasiya nisbətini 21,31 faiz elan etmişdi.

Bu mənzərəni daha da pisləşdirən türk lirəsinin ilin əvvəlindən dollara nisbətdə 45 faizdən çox, oktyabrın sonundan isə təxminən 30 faizə yaxın dəyər itirməsidir.

Türk lirəsinin devalvasiyası, inflyasiya və bunun nəticəsində əhalinin yoxsullaşması prezident Rəcəb Tayyib Ərdoğanın reytinqini görünməmiş şəkildə aşağı salıb.

Teqlər