Rusiyalı milyarder Dolmabaxça sarayında görünüb
Rusiyalı milyarder Roman Abramoviç Moskva ilə Kiyev arasında qeyri-rəsmi vasitəçilik missiyasını davam etdirir.
SəhərAzəri-nin məlumatına əsasən,Abramoviç bu gün İstanbulda Rusiya-Ukrayna danışıqlarının keçirildiyi Dolmabaxça sarayında görünüb. Danışıqlar başlamazdan əvvəl o, sarayda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ayaqüstü görüşüb. Görüşdə xarici işlər naziri Mövlut Çavuşoğlu da iştirak edib.
Abramoviçin vasitəçilik missiyasına Kremlin istəyi ilə başladığı təxmin edilir, daha əvvəl onun ABŞ prezidenti Cozef Baydenin Polşaya səfəri zamanı qatarla bu ölkəyə getdiyi haqda da xəbər yayılmışdı.
Böyük Britaniyanın “The Times” qəzeti isə ötən gün yazıb ki, Abramoviç martın əvvəllərində Ukrayna prezidenti Volodimir Zelenskidən Rusiya prezidenti Vladimir Putinə məktub aparıb.
Qeyd edək ki, “Çelsi” futbol klubunun sahibi Roman Abramoviç Böyük Britaniyanın Ukraynaya görə tətbiq etdiyi sanksiyaya məruz qalıb.
Birləşmiş Krallığın Maliyyə Nazirliyi tərəfindən tərtib edilən sənəddə Roman Abramoviç “kremlpərəst oliqarx” adlandırılıb. London onun Prezident Vladimir Putinə yaxın olduğunu və hakimiyyətə yaxınlığından faydalandığını güman edir.
Aİ-nin sanksiya siyahısına daxil edilən rusiyalı biznesmenə ABŞ tərəfindən də sanksiya tətbiq ediləcəkmiş ancaq deyilənlərə görə Ukrayna prezidentinin şəxsi xahişi ilə onun adı ABŞ-ın sanksiya siyahısına daxil edilməyib. Bu barədə “Wall Street Journal” xəbər yaymışdı.
Bu gün isə Kremlin mətbuat katibi Dmitri Peskov telefonla İstanbulda keçirilən mətbuat konfransına qatılaraq jurnalistlərə bildirib ki, Roman Abramoviç Rusiya və Ukrayna tərəfləri arasında müəyyən əlaqələrin təmin edilməsi ilə məşğuldur.
"O, nümayəndə heyətinin rəsmi üzvü deyil... buna baxmayaraq, bu gün o da bizim tərəfimizdən İstanbulda iştirak edir", - deyə o bildirib.