Zəlzələdən sonra Türkiyə iqtisadiyyatını nələr gözləyir?
Bu il fevralın 6-da Türkiyədə baş verən dəhşətli zəlzələnin bu ölkənin iqtisadiyyatında hansı dəyişiklərə səbəb olacağı barədə mühüm sual meydana çıxarıb.
Türkiyədə zəlzələnin vurduğu zərərin həcmi “Bloomberg“in hesablanmalarına görə, 85 mlrd. dollar civarındadır. 6 544 binanın tamamilə dağıldığı, 25 minə yaxın binanın zərər gördüyü açıqlanıb. Türkiyə iqtisadiyyatı üçün ərazinin əhəmiyyəti böyükdür. Çünki dağıntıya məruz qalan ərazilər Türkiyə iqtisadiyyatının 10%-ni təşkil edir.
“APA-Economics” zəlzələnin Türkiyə iqtisadiyyatına və onun digər ölkələrlə iqtisadi əlaqələrinə təsiri barədə iqtisadçı ekspertlərin fikirlərini öyrənib.
İqtisadçı ekspert Xalid Kərimli hesab edir ki, zəlzələnin baş verdiyi ərazilərdən il ərzində 20 mlrd. dollar ixrac həyata keçirilib. Bu ixrac rəqəminin yenidən bərpası Türkiyə hökumətinin maliyyə yükünü artıracaq.
Ekspertə görə həmin ərazidə yerləşən şirkətlərin Azərbaycanla əlaqələri yüksək səviyyədə olmadığı üçün iki ölkənin qarşılıqlı ticarət əlaqələrinə neqativ təsir gözlənilmir
İqtisadçı-ekspert Elman Sadıqov isə bildirib ki, təbii fəlakətin Türkiyəyə ilkin təsiri qarşıdakı aylarda inflyasiyanın artması ola bilər: “Əsas qiymət artımı tikinti materiallarında mümkündür. Dağıntıların baş verdiyi ərazilərdə böyük infrastruktur layihələri, yolların, binaların inşası böyük miqdarda maliyyə tələb edəcək. Türkiyə iqtisadiyyatı bu məsələlərin öhdəsindən tək başına gələ biləcəkmi? Bunu zaman göstərəcək. Nəzərə alaq ki, zaman nə qədər çox uzansa, əlavə xərclər artacaq. Sosial müavinətlər, zərər görən insanların maddi təminatı, yaşayış yerlərinin yaradılması və sair məsələlərlə bağlı xərclər arta bilər”.
Elman Sadıqov mövcud durumdan çıxış yollarından biri kimi, əlavə lirə çapı və xarici yardımların olmasını göstərib.
Ekspertə görə,Türkiyə inkişaf etməkdə olan önəmli dövlətlərdən biridir. Bu yükün altından çıxa bilməsə, iqtisadiyyatı çox böyük zərərə uğrasa, bu, digər inkişaf etməkdə olan dövlətlər üçün də ciddi problemlərə səbəb ola bilər.
Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş bölgəsində baş verən 7.7 və 7,6 bal gücündə iki zəlzələ Kahramanmaraş, Hatay, Osmaniye, Adıyaman, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Malatya, Kilis və Adanada ciddi dağıntılara və insan tələfatına səbəb olub. Zəlzələ bölgəsindəki 10 əyalətdə 13,5 milyon insan yaşayır və bu, ümumi əhalinin 16%-ni təşkil edir.
Son məlumata görə, təbii fəlakət nəticəsində 35 418 ölüb, 105 505 nəfər yaralanıb.