AKP seçkilərin təxirə salınmasını istədi, CHP etiraz etdi
Kamal Kılıçdaroğlu: “Türkiyədə seçkilər təxirə salına bilməz”
6 fevral zəlzələsi Türkiyədə mayda gözlənilən prezident seçkilərinin təxirə salınıb-salınmaması ilə bağlı fikir ayrılığı yaradıb.
Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) yetkilisi Bülent Arınç deyib ki, prezident və parlament seçkiləri 2024-cü ildə yerli seçkilərlə birləşdirilərək keçirilməlidir.
Cümhuriyyət Xalq Partiyası CHP-nin başqanı Kamal Kılıçdaroğlu B.Arınçın açıqlamasını qəbuledilməz sayıb.
O, seçkilərin ancaq müharibə vəziyyətində təxirə salına biləcəyini, heç kimin xüsusi hüquq norması yarada bilməyəcəyini söyləyib.
Kılıçdaroğlu deyib: “Seçkilərin təxirə salınması tələbləri altında seçkidən yayınma iradəsi var. Lakin görülməli iş seçki tarixini dərhal müəyyən etməkdir, istər növbədənkənar seçki kimi 14 may, istərsə də 18 iyun. Seçkidən yayınmağın heç kimə xeyri yoxdur. Çünki bundan bütün ölkə zərər görəcək”.
Həbsdə olan HDP-nin keçmiş həmsədri Səlahəddin Dəmirtaş isə bildirib ki, hər kəsin diqqəti fəlakətə yönəldiyi halda, hökumət bir qrup hüquqşünasa seçkilərin təxirə salınması üçün işləməyi tapşırıb.
“Reuters”ə danışan yüksək rütbəli hökumət rəsmisi zəlzələdən zərər çəkmiş bölgələrin Türkiyə əhalisinin yüzdə 15-ni təşkil etdiyini ifadə edərək deyib: “İnkişafa baxacağıq, amma seçkinin 14 mayda keçirilməsi çox ciddi çətinliklər yaradar”.
Türkiyə Konstitusiyanın 78-ci maddəsində deyilir ki, müharibə səbəbindən Türkiyə Böyük Millət Məclisinin qərarı ilə seçki yalnız bir il təxirə salına bilər. Yəni konstitusiyaya görə, müharibədən başqa heç bir səbəbdən seçkilər təxirə salına bilməz.