May 08, 2023 18:58 Asia/Baku
  • Rəsmi Ankara bu sistemlərin Ukraynaya verilməyəcəyini deyir

Türkiyənin xarici işlər nazi Mövlud Çavuşoğlu ABŞ-ın Türkiyənin Rusiyadan aldığı S-400 zenit-raket kompleksləri ilə bağlı təkliflərinə münasibət bildirib.

SəhərAzəri-nin məlumatına görə, ABŞ Türkiyəyə S-400 Zenit Raket Kompleksini Ukraynaya göndərməyi təklif edib.

Bu barədə Türkiyənin xarici işlər nazi Mövlud Çavuşoğlu "Haberturk" telekanalına müsahibəsində bildirib.

Mövlud Çavuşoğlu deyib ki, ABŞ-ın S-400-lə əlaqədar bir neçə təklifi olub. Bunlardan biri də Rusiyadan alınan S-400 zenit-raket kompleksinin onu öyrənmək üçün ABŞ-a təqdim edilməsidir.

"ABŞ S-400-ləri öyrənmək üçün onlara giriş istədi. Təklif etdilər ki, S-400-ə nəzarəti onlara verək, onu araşdırsınlar. Amma bizim üçün bu, qəbuledilməz idi, müstəqil siyasətimizə zidd idi. Hətta bizə S-400-ü Ukraynaya göndərmək də təklif olundu, biz isə bundan imtina etdik. Biz onları öz ehtiyaclarımız üçün almışıq” – deyə Çavuşoğlu vurğulayıb.

Türkiyənin xarici işlər naziri həmçinin bildirib ki, Ankara bir neçə dəfə ABŞ administrasiyasından belə qeyri-adi təkliflər alıb. Amma Türkiyə güzəştə gedən olsaydı, o zaman Vaşinqtonla indiki problemləri olmazdı.

Rusiya və Türkiyə arasında 2017-ci ildə S-400 kompleksi üçün 2,5 milyard dollar dəyərində ilk müqavilə bağlanıb.

Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksini alması başda ABŞ olmaqla onun NATO müttəfiqlərinin etirazına səbəb olmuşdur. ABŞ rəhbərliyi dəfələrlə bəyan edib ki, S-400 NATO silahları ilə uyğunsuzluq təşkil edir və onun əldə olunması siyasi məsələdir.

Türkiyə daha əvvəl ABŞ-dan "Patriot" HHM sistemləri almaq istəmiş, lakin müxtəlif bəhanələrlə rəsmi Vaşinqton bu qurğunu Ankaraya verməkdən imtina etmişdi. Türkiyə daha sonra bu ehtiyacını qarşılamaq üçün Çinə müraciət edib. ABŞ bu sövdələşmənin də baş tutmaması üçün lobbiçilik fəaliyyəti göstərib. Son nəticədə, bütün siyasi risklərə baxmayaraq, Türkiyə bu müdafiə sistemlərini Rusiyadan alıb.

NATO müttəfiqləri isə Türkiyəni Rusiya ilə silah alverində ittiham edərək ona qarşı sanksiyalar qəbul ediblər.

 

 

Teqlər