Türkiyədə seçkilər keçirilir
AK Parti İstanbula nəzarəti ələ keçirə biləcəkmi?
Türkiyədə yerli özünüidarə orqanlarına seçkilər keçirilir. Cümhur İttifaqı İstanbul, Ankara və İzmiri müxalifətin əlindən çıxarmağı hədəfləyib.
Bu məlumata əsasən, bələdiyyə seçkilərində ölkənin otuzu böyük şəhər olmaqla, 81 vilayət, 973 rayon və 390 qəsəbəsində bələdiyyə şuralarının başçıları və tərkibi, həmçinin 50 min 336 kənd və məhəllə muxtarı müəyyən ediləcək.
Ümumilikdə 61 milyon 441 min 882 səsvermə hüququna malik Türkiyə vətəndaşından 1 milyon 32 min 610 nəfəri bu seçkilərdə ilk dəfə səs verəcək.
Prezident Rəcəb Təyyib Ərdoğan əvvəlki seçkilərdə olduğu kimi, səsini İstanbulda verib.
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) da daxil olmaqla, ümumilikdə 34 siyasi partiyanın namizədlərinin yarışdığı seçki ilə əlaqədar ölkə üzrə 208 min sandıq qurulub.
Xatırladaq ki, AKP, Milliyyətçi Hərəkat (MHP), Böyük Birlik və Yenidən Rifah partiyalarından ibarət Cümhur İttifaqının İstanbul Böyükşəhər Bələdiyyə sədrliyinə namizədi ölkənin sabiq ətraf mühit və şəhərsalma naziri Murat Kurum, Ankara üzrə namizədi isə Turqut Altınokdur.
Türkiyənin ən böyük müxalif Cümhuriyyət Xalq Partiyasının İstanbul və Ankara üzrə namizədləri isə hazırki bələdiyyə sədrləri Əkrəm İmamoğlu və Mansur Yavaşdır.
5 il əvvəlki seçkilərdə İstanbul, Ankara və İzmir CHP-nin nəzarətinə keçdi və bugünkü seçkilərdə iqtidar həmin bu şəhərləri geri almağı qarşıya məqsəd qoyub.