Etirazçılar sionist rejimin İstanbuldakı konsulluğunu yandırıblar
İnformasiya mənbələri dünən gecə sionist rejimin Türkiyənin İstanbul şəhərindəki konsulluğunun etirazçılar tərəfindən yandırıldığını bildiriblər.
Sionist rejimin İstanbuldakı konsulluğunun ətrafına toplaşmış minlərlə nəfər Fələstin xalqına və Qəzzə əhalisinə dəstək istiqamətində aksiya keçirib. Aksiyaçılar sionistlərin Rəfəhdəki fələstinli didərginlər düşərgəsinə qarşı hücum cinayətini pisləyiblər.
Sionist rejimin bazar günü axşamçağı Rəfəhdə vəhşicəsinə törətdiyi qırğına qarşı çıxan etirazçılar bu rejimin İstanbuldakı konsulluğunu yandırıblar.
Sionist rejim ordusunun bazar günü gecəyarısı Qəzzə zolağının cənubunda yerləşən Rəfəh şəhərindəki didərginlər düşərgəsinə qarşı hücumunda azı qırx bir fələstinli, o sıradan qadın və uşaqlar şəhid olub, onlarla nəfər də yaralanıbdır.
Həmas və İslami Cihad hərəkatları bazar günü gecə ayrı-ayrı bəyanatlarda sionist rejim ordusunun Rəfəh şəhərinin şimal-qərbində törətdiyi qırğına reaksiya veriblər. Onlar bu cinayəti Beynəlxalq Ədalət Məhkəməsinin Rəfəh şəhərinə qarşı hücumların dayandırılması vacibliyinə dair son hökmünə aşkar hörmətsizlik və etinasızlıq adlandırıb, ABŞ hökuməti və bu ölkənin prezidenti Co Baydeni xüsusi olaraq, sözügedən cinayətin məsulu elan ediblər.
Beynəlxalq Ədalət Məhkəməsi cümə günü iki «əleyhinə» səs qarşılığında on üç «lehinə» səslə sionist rejimin Rəfəhdəki hərbi əməliyyatının dərhal dayandırılmasına dair hökm çıxardı və Qəzzə zolağına humanitar yardımların girişi üçün Rəfəh keçidinin yenidən açılmasını tələb etdi.
Beynəlxalq Ədalət Məhkəməsinin bu hökmü dünya səviyyəsində geniş rəğbətlə qarşılandı.