Ərdoğan peycer terroru barədə: “Bu, dövlət terrorçuluğudur”
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail rejiminin terrorçu təşkilat kimi hərəkət etdiyini və məqsədinin təkcə Qəzza bölgəsi deyil, bütün region olduğunu deyib.
Türkiyənin "Anadolu" agentliyinin verdiyi məlumata görə Rəcəb Təyyib Ərdoğan BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak etmək üçün ABŞ-a yola düşməzdən öncə jurnalistlərə verdiyi müsahibədə belə deyib: "Mən ilk gündən demişəm ki, İsrailin məqsədi təkcə Qəzza bölgəsi deyil. Bu yaxınlarda Livana hücumlar İsrail rəhbərliyinin planlarında müharibənin bütün regiona yayılması olduğu barədə bizim narahatlığımızın əsaslı olduğunu göstərib. Netanyahu və onun bandası özünün radikal sionost ideologiysını həyata keçirmək üçün müxtəlif təxribatlar gerçəkləşdirir. Regionun daha böyük fəlakətə sürüklənməsinin qarşısının alınması üçün İsrailə təzyiqlər artırılmalıdır", - Ərdoğan bəyan edib.
Türkiyə prezidenti BMT Baş Assambleyasındakı çıxışında da sionist rejimin Qəzza bölgəsində soyqırımı və təcavüzkar siyasətinə qarşı tədbirlər görülməsinin vacibliyini vurğulayacaq.
"Təəssüf ki, biz növbəti dəfə görürük ki, İsrail öz hücumlarını dövlət kimi deyil, terrorçu təşkilat kimi həyata keçirir", - Ərdoğan bu yaxınlarda Livanda peycer və ratsiyaların partlayışlarını şərh edərkən deyib.
"Bu, dövlət terrorçuluğudur. Son rəqəmsal hücumlar bunun parlaq sübutudur. İsrail bu hücumu ilə mülki vətəndaşlar barəsində narahat olmadığını və istənilən üsullarla öz iyrənc məqsədlərinə çatmağa nail olmağa cəhd edəcəyini nümayiş etdirib", - Türkiyə lideri vurğulayıb.
Qeyd edək ki, Türkiyə prezidentinin tənqidçiləri onu İsrail rejiminə qarşı konkret tədbirlər görməməkdə və bu ölkəyə enerji nəqlini davam etdirməkdə ittiham edirlər.