Yan 29, 2021 15:19 Asia/Baku
  • Zərif və Çavuşoğlu görüşündən sonra birgə mətbuat konfransı keçirilib

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında görüş İstanbul Dolmabahçe Sarayında keçirilib.

SəhərAzəri xəbər verir ki, təkbətək görüşdən sonra nümayəndə heyətləri arasında görüş başlayıb.

Cavad Zərif görüşdən sonra keçirilən mətbuat konfransında yaxın zamanda İranda Türkiyə və Azərbaycanın xarici işlər nazirləri ilə toplantısının keçiriləcəyini bildirib.

Məhəmməd Cavad Zərif deyib: “İranla Türkiyənin Qafqaz məsələsindəki əməkdaşlığı bölgədə yaşayan xalqların və ölkələrin xeyrinə olacaq. Qarabağda atəşkəs daha davamlı olmalı, ticarət və iqtisadi əlaqələrin canlanmasına şərait yaratmalıdır Türkiyə, Azərbaycan və Rusiya prezidentləri tərəfindən irəli sürülən platforma və əməkdaşlıq çərçivəsində mən beş ölkəyə səfər etdim. Yaranmış hazırkı vəziyyəti müsbət qiymətləndirməliyik. Mövcud atəşkəs rejimi davamlı olmalı və iqtisadi əlaqələrin canlanmasına yol açmalıdır. Ölkələrimiz quru və dəmir yolları, enerji kimi fərqli sahələrdə əməkdaşlıq edə bilər. Mənim bununla bağlı fikirlərim müsbətdir. Ümid edirəm ki, bu iş həyata keçiriləcək və əməkdaşlığımız inkişaf edəcək. Ümid edirəm ki, əməkdaşlıq üçün gözəl şərait yarada biləcəyik”.

Zərif, ABŞ-ın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalar barədə deyib: "İran ABŞ-ın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyaları əhəmiyyətsiz hesab edir. Təəssüf ki, ABŞ sanksiya tətbiq etməyə alışıb. Bu, bütün dünyanın və ABŞ-ın özünün zərərinə olacaq".

Çavuşoğlu isə öz növbəsində deyib: "Pandemiya səbəbi ilə təxirə salınan iclasların vaxtını və bölgədəki məsələləri müzakirə etdik. Astana formatında üçtərəfli sammit Tehranda olacaq, hazırlıqlara bu gün başladıq. Suriyada, İraqda, Fars Körfəzi ölkələrində, Cənubi Qafqazda mövcud vəziyyət ətrafında fikir mübadiləsi apardıq. Cənubi Qafqazda mövcud atəşkəsin davamlı olmasını istəyirik. Əlbəttə yalnız istəmək kifayət deyil, töhfə verməliyik. Bunun üçün də “3+3” formatı ilə Cənubi Qafqazda sülhü davamlı hala gətirmək istəyirik. Cənubi Qafqazda sülh və əmin-amanlıq hər kəsin xeyrinədir. Bundan ən çox Ermənistan və Ermənistan xalqı faydalanacaq. Bu səbəbdən Ermənistanın da bu istiqamətdə müsbət addımlar atmasını gözləyirik”.

O, həmçinin İran-ABŞ və Avropanın üçlüsü ilə imzalanan nüvə anlaşmasını dəstəklədiklərini söyləyib və  Cozef Bayden rəhbərliyi ilə bu razılaşmaya geri qayıdılacağına, beləliklə qardaş İrana qarşı sanksiyaların ləğv olunacağını ümid etdiyini vurğulayıb. 

 

 

Teqlər