Mart 04, 2021 22:36 Asia/Baku
  • Qarabağa əcnəbilərin girişi ilə bağlı müzakirə aparılır?

Ermənistan Rusiya ilə Qarabağ ərazisinə əcnəbilər üçün yeni buraxılış məntəqəsinin təşkili barədə müzakirə aparır.

SəhərAzəri xəbər verir ki, bunu “RİA Novosti”yə müsahibəsində Ermənistanın diaspor ilə iş üzrə nümayəndəsi Zare Sinanyan deyib. O, bu məsələni Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko ilə müzakirə etdiyini söyləyib.

Erməni rəsmi deyib ki, hazırda yeni rejim belədir. Əvvəlcə Qarabağın Ermənistan nümayəndəliyinə 7 gün əvvəldən ərizə vermək lazımdır. Sonra siyahı Rusiya sülhməramlılarına göndərilir və daha sonra kimin gəlib-gəlməyəcəyi müəyyən edilir.

Qeyd edək ki, Laçın dəhlizindən Qarabağa yalnız MDB vətəndaşları buraxılır. Halbuki 10 noyabr 2020-ci il bəyanatına əsasən bu dəhliz yalnız Qarabağda yaşayan ermənilər üçündür.

Bakıda hesab edirlər ki, İrəvan Rusiya ilə bunu müzakirə edə bilməz. Ona görə də, Ermənistanın Rusiya ilə Qarabağ ərazisinə əcnəbilər üçün yeni buraxılış məntəqəsinin təşkili barədə müzakirə aparması qanunsuz və təxribat xarakterli bir addımdır. Belə bir tələbin irəli sürülməsi açıqca 10 noyabr bəyanatına ziddir.

10 noyabr tarixli üçtərəfli bəyanatın 6-cı bəndinə əsasən Azərbaycan Respublikası Laçın dəhlizi üzrə yalnız hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir:

Bəyanatda Qarabağ ərazisinə əcnəbilər üçün yeni buraxılış məntəqəsi barədə bənd ya da yarımbaşlıq yoxdur. Ermənistanın Rusiya ilə belə bir mövzu ətrafında görüş keçirməsi isə beynəlxalq hüquqla da ziddir. Çünki söhbət Azərbaycanın Qarabağ bölgəsindən gedir və Ermənistanın bu ərazi üzərində heç bir hüquqi yoxdur.

Ekspertlər xəbərdarlıq edirlər ki, bu gün Ermənistandan Qarabağa hələlik rus sülhməramlılarının nəzarətində olan ərazilərə silah və canlı qüvvə daşınması ilə bağlı ciddi faktlar var. Və Ermənistan Müdafiə Nazirliyi qarşısında erməni əsgər valideynlərinin son etirazı da bu faktı təsdiqləyir. Düzdür, rus sülhməramlıları bu günə qədər bir neçə dəfə xarici ölkə rəsmilərini Qarabağa buraxmayıb. Lakin bununla belə, Qarabağa Ermənistandan hərbçilərin daxil olması faktları var.

Qey olunurb ki, Qarabağa MDB vətəndaşlarının buraxılmasında heç bir problem yoxdur, lakin bu buraxılış Laçın dəhlizindən deyil, rəsmi Bakının məsləhət biləcəyi yerdən olmalıdır. laçın dəhlizi yalnız Qarabağda yaşayan ermənilər üçün müvəqqəti olaraq Azərbaycanın verdiyi humanitar koridordur.

Teqlər