Tərtər cinayəti gündəmdən düşmür
Məhkəmənin məlum qərarı ictimaiyyəti qane etmir – AKTUAL
Tərtər cinayəti barədə məhkəmə qərarı olsa da, bu qərar insanları qane etmir. Azərbaycan ictimaiyyəti hesab edir ki, əsas fiqurlar cəzalandırılmalıdır.
Bununla əlaqədar noyabrın 22-də zərərçəkmişlər Bakıda Prezident Administrasiyasının qarşısında etiraz aksiyası keçirərək müdafiə naziri Zakir Həsənov, Baş Qərargah rəisi Kərim Vəliyev, hərbi prokuror Xanlar Vəliyev, onun müavini Şəfahət İmranov və o dövrdə korpus komandiri olmuş general Hikmət Həsənov və digərlərinin cəzalandırılmasını tələb etdilər.
Xatırladaq ki, 2017-ci ildə “Tərtər işi” çərçivəsində Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluqda günahlandırılan bir qrup hərbi qulluqçu və mülki şəxs həbs edilərək, dövlətə xəyanətdə ittiham olunub. Onlara işgəncə verilib və 20 ilədək həbs cəzası kəsilib. Hüquq müdafiəçiləri işgəncədən ölənlərin sayının 14 nəfər olduğunu deyirlər.
İşgəncə nəticəsində ölənlərdən beş nəfərə sonradan bəraət verilib. Deyilənlərə görə, əsgər və zabitlər qarşısında qoyulan tələb bu olub ki, ya ermənilərə işlədiyini etiraf etməlisən, ya da öləcəksiniz. Öldürülən hərbçilərdən bir neçəsinin ailəsinə ölümlərindən sonra rəsmi məlumat verilib ki, onların təqsiri sübuta yetirilməyib. Yəni, günahsız olaraq işgəncəyə məruz qalıblar və öldürülüblər.