İranın nüvə müzakirə heyəti Lüksemburqda Moqerini və 3 avropalı nazir ilə danışıqlar aparacaq
İyun 20, 2015 08:29 Asia/Baku
İranın nüvə müzakirə heyəti xarici işlər naziri Məhəmməd Cavad Zərifin başçılığı ilə Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Federika Moqerini və 3 avropalı nazir ilə görüşüb, danışıqlar aparmaq üçün bazar ertəsi günü Lüksemburqa səfər edəcək.
İRNA-nın məlumatına görə, bundan öncə bildirilmişdi ki, Zərif bazar ertəsi günü AB-nin xarici siyasət üzrə məsul şəxsi Federika Moqerini ilə görüşüb, danışıqlar aparacaq. Amma, görüşün hansı şəhərdə baş tutacağının elan olunmadığı bildirilmişdi. Avropalı nazirlərin AB-nin Xarici İşlər Şurası iclasında iştirak etmək üçün Lüksemburqda olmalarını nəzərə alaraq, Zərif və onun avropalı həmkarları arasındakı görüş üçün də elə bu şəhər seçilib.Yekun nüvə anlaşması sənədinin hazırlanması üzrə müzakirələrin 8-ci dövründə iştirak etmək üçün çərşənbə günündən Vyanada olan müavinləri Seyid Abbas İraqçı və Məcid Təxt Rəvançi Lüksemburq danışıqlarında İranın xarici işlər nazirini müşayiət edəcəklər.