İran, Fransa, Almaniya və İngiltərə xarici işlər nazirləri Lüksemburqda görüşüblər
İyun 23, 2015 08:49 Asia/Baku
İran İslam Respublikası xarici işlər naziri Fransa, Almaniya və İngiltərə xarici işlər nazirləri ilə görüşüb.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bazar ertəsi günü axşam Lüksemburqda Fransa xarici işlər naziri Loren Fabius ilə görüşüb, yekun anlaşmanın əldə olunması üzrə aparılan nüvə müzakirələrinin son gedişi barədə onunla danışıqlar aparıb.Bundan öncə İranın nüvə müzakirə heyəti Məhəmməd Cavad Zərifin başçılığı ilə xarici işlər naziri Frank Valter Ştaynmayerin başçılıq etdiyi Almaniya nümayəndə heyəti ilə Lüksemburqda görüşüb, nüvə müzakirələri barədə danışıqlar aparıb.
Fransa xarici işlər naziri Loran Fabius Lüksemburqda Məhəmməd Cavad Zərif ilə ikitərəfli görüşün ardınca deyib: Müzakirə tərəfləri anlaşmanın əldə olunması ardıncadırlar. Amma, tərəflər pis olan bir anlaşma deyil, güclü bir anlaşma istəyirlər.
Fransa xarici işlər naziri həmçinin deyib: Əgər ehtimal olunan yekun anlaşmanın bəndləri İran tərəfindən pozularsa, Fransa avtomatik olaraq İrana qarşı sanksiyaların bərpa edilməsinə sadiq olacaq.
Almaniya xarici işlər naziri Frank Valter Ştaynmayer də Lüksemburqda İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə görüşdükdən sonra jurnalistlərə deyib: Heç vaxt anlaşmaya bu qədər yaxın olmamışıq.
Frank Valter Ştaynmayer əlavə edib: Əlbəttə, anlaşmaya yaxın olmaq, anlaşmanın əldə olunması anlamında deyil. Bəlkə, bütün diqqətlərin anlaşmanın əldə olunmasına yönəlməli və Lozanna bəyannaməsində təyin olunmuş prinsiplər çərçivəsində səylərin davam etdirilməli olduğu mənasındadır. Və bu mümkündür.
İngiltərənin xarici işlər naziri Flip Hamund da dünən, bazar ertəsi Lüksemburqda iranlı həmkarı ilə görüşüb, danışıqlar apardıqdan sonra şəxsi Twitter səhifəsində yazıb: İran xarici işlər naziri ilə yaxşı görüşümüz oldu və məqsəd davamlı bir anlaşmanın əldə olunmasıdır.