İnqilab Rəhbəri ölkə rəsmiləri ilə görüşdə mühüm bəyanatla çıxış ediblər
İyun 24, 2015 09:11 Asia/Baku
İran İslam İnqilabının Böyük Rəhbəri İran və 5+1 qrupu arasındakı nüvə müzakirələri barədə deyiblər: İqtisadiyyat, maliyyə və bank sektoru üzrə bütün sanksiyalar anlaşma sənədinin imzalandığı an dərhal ləğv edilməli və sanksiyaların ləğvi İranın öz öhdəliklərini icra etməsi ilə şərtləndirilməməlidir.
Həzrət Ayətullahülüzma Xamenei şənbə günü günortadan sonra İran İslam Respublikası quruluşunun rəsmiləri ilə görüşdə İranın nüvə işi ilə bağlı qırmızı xətlərini tam aydın və şəffaf formada bəyan edərək, deyiblər: Amerikalılar İranın nüvə sənayesini məhv etmək istəyirlər. Bunun müqabilində bütün İran rəsmiləri qırmızı xətlərə təkid etməklə yanaşı, yaxşı bir anlaşma, yəni insaf, ədalət, izzət və məntiq ilə yanaşı olan, İranın maraqları və mənafeyini təmin edən bir anlaşmanın ardıncadırlar.Həzrət Ayətullahülüzma Xamenei bəyanatlarının davamında nüvə işi ilə bağlı qırmızı xətləri açıqlayıblar. O həzrət ilk qırmızı xətt olaraq deyiblər: Biz, amerikalıların təkidlərinin əksinə olaraq, uzunmüddətli, 10-12 illik məhdudiyyətləri qəbul etmirik və məhdudiyyətlə bağlı bizim üçün məqbul olan illərin sayını onlara elan etmişik.
İslam İnqilabının Böyük RƏhbəri nüvə elmi və texnologiyası sahəsində araşdırmaların, inkişaf prosesinin və tikinti-quraşdırma işlərinin hətta, məhdudiyyət dövründə belə davam etdirilməsini ikinci qırmızı xətt olaraq elan ediblər və deyiblər: Onlar deyirlər ki, 12 il ərzində heç bir iş görməyin. Amma, bu, ikiqat zorakılıq və ikiqat yanlışdır.
İslam İnqilabının Böyük Rəhbəri nüvə işi ilə bağlı 3-cü qırmızı xətti açıqlayarkən deyiblər: İqtisadiyyat, maliyyə və bank sektorlarına tətbiq edilən sanksiyalar BMT-nin Təhlükəsizlik Şurası, ABŞ Konqresi və ya ABŞ dövləti tərəfindən tətbiq edilməsindən asılı olmayaraq, anlaşma sənədinin imzalanması zamanı, dərhal ləğv edilməlidir. Yerdə qalan sanksiyalar isə məntiqli fasilələrlə götürülməlidir.
O həzrət əlavə ediblər: Amerikalılar sanksiyalarla bağlı son dərəcə mürəkkəb, bir neçə mərhələli və son dərəcə əcaib-qəraib formullar irəli sürürlər və sonda nə olacağı da məlum deyil. Amma, biz tam aydın və şəffaf formada öz tələbimizi ortaya qoyuruq.
Həzrət Ayətullahülüzma Xamenei nüvə müzakirələri ilə bağlı qırmızı xətlər haqda deyiblər: Sanksiyaların ləğvi İranın öhdəliklərinin icrası ilə əlaqələndirilməməlidir. Deməməlidirlər ki, siz öhdəliklərinizi yerinə yetirin, sonra Atom Enerjisi üzrə Beynəlxalq Agentlik təsdiq etsin ki, sanksiyalar ləğv edilsin. Biz, bu məsələni mütləq şəkildə qəbul etmirik.
İslam İnqilabının Böyük Rəhbəri əlavə ediblər: Sanksiyaların ləğvi prosesi, İranın öz öhdəliklərini yerinə yetirməsi prosesi ilə yeni vaxtda və paralel şəkildə irəliləməlidir.
Həzrət Ayətullahülüzma Xamenei həmçiin, vurğulayıblar: Biz, qarşı tərəfin öz öhdəliklərini yerinə yetirməsinin Agentliyin hesabatı ilə şərtləndirilməsi ilə müxalifik. Çünki, AEBA dəfələrlə sübut edib ki, müstəqil və ədalətli deyil. Buna görə də, biz ona bədbin olmuşuq.
O həzrət əlavə ediblər: Deyirlər "Agentlik əmin olmalıdır". Bu nə məntiqsiz sözdür? Necə əmin olmalıdır? Bu diyarı qarış-qarış təftiş edərəkmi?
İslam İnqilabının Böyük Rəhbəri "tanınmamış qaydalar əsasında təftişlərin aparılması, iranlı şəxsiyyətlərin dindirilməsi və hərbi mərkəzlərdə təftişlərin aparılması" ilə müxalifət edərək, bu məsələni də nüvə müzakirələrində İranın qırmızı xətlərindən adlandırıb.
İslam İnqilabının Böyük Rəhbərinin çıxışının ardınca İran İslam Respublikası prezidenti Həsən Ruhani çıxış edərək, İran dövlətinin xarici siyasətdə izlədiyi prinsipin "müstəqillik, izzət və milli qürurun qorunması" qırmızı xəttini əsas götürərək, dünya ilə konstruktiv anlaşma olduğunu bildirib və nüvə müzakirələrinin İranın nüvə hüququnun tanınması və ölkə və ictimaiyyətin ehtiyaclarının təmin edilməsini hökumətin 2 əsas prioriteti adlandırıb və deyib: Böyük qüdrətləri müzakirə masası arxasında yer almağa məcbur edən şey, İran xalqının bədxahların təzyiqləri qarşısındakı müqaviməti və sanksiyaları uğursuzluğa uğratmasıdır.