İran prezidenti Mina hadisəsi barədə göstəriş verdi
Sen 25, 2015 10:34 Asia/Baku
İran İslam Respublikası prezidenti birinci müavini ilə telefon söhbətində qanlı Mina hadisəsinin izlənilməsi barədə xüsusi tapşırıqlar verib.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İran İslam Respublikası prezidenti vitse-prezident İshaq Cahangiri və digər rəsmilərlə telefon danışığında Mina hadisəsi barədə son məlumatları alaraq tapşırıq verib ki, Nazirlər Kabineti xüsusi bir iclas təşkil edərək bu təəssüfləndirici faciənin müxtəlif cəhətlərini araşdırsın və xüsusi komissiya təşkil olunaraq lazımi addımlar atılsın.Ruhani bildirib: Xarici İşlər, Səhiyyə və İslami İrşad Nazirlikləri və Həcc və Ziyarət Təşkilatı iranlı hacıların cəsədlərinin dərhal nəql olunması, hadisə yaralılarının müalicə olunması istiqamətində ciddi addımlar atsınlar.
İran prezidenti Daxili İşlər Nazirliyinə də tapşırıq verib ki, İranda valilər vasitəsi ilə Mina hadisəsində həlak olanlar və yaralıların ailələri ilə yaxından maraqlansın.
Ruhani həmçinin Rəmy Cəmarat mərasimində baş verən acı hadisə ilə bağlı İslam İnqilabının Böyük Rəhbəri və həlak olanların ailələri və yaralılara başsağlığı verərək bildirib: Yüzlərlə iranlı hacının həlak olması və yaralanması faciəsi xəbəri məni dərindən təəssüfləndirdi.
İran prezidenti bildirib: Mina faciəsini araşdıran xüsusi komissiya İran xalqına lazımi məlumatları çatdırmaqla yanaşı lazım olduğu halda xilasedici qrupların ezam olunması və Ərəbistana təyyarənin göndərilməsi, hacıların məsələlərinin araşdırılması və həlak olan zəvvarların cəsədlərinin İrana nəql olunmasını əsas vəzifə olaraq yerinə yetirməlidir.
Ruhaninin müraciətində bildirilir: İran Xarici İşlər Nazirliyi və Ərəbistandakı səfir Mina faciəsinin baş verməsinin səbəblərini araşdırmaqla yanaşı həlak olanların və zərərçəkənlərin haqlarına riayət olunması üçün lazımi addımları atmalıdırlar.
İran prezidenti Ərəbistan hökumətindən də istəyib ki, bu faciənin məsuliyyətini üzərinə götürərək öz qanuni və islami vəzifələrini yerinə yetirsin.
İran prezidenti zərərçəkənlərin ailələrinin dərdinə şərik çıxaraq bu hadisədə həlak olanlara Allah-taaladan rəhmət, yaralıların şəfa tapmasını diləyib.