İran prezidenti: Müsəlmanlar arasında təfriqə salmağa çalışan qüvvələr var
-
İran prezidenti: Müsəlmanlar arasında təfriqə salmağa çalışan qüvvələr var
İran İslam Respublikası prezidenti bəzi qrupların müsəlmanlar arasında təfriqə salmağa çalışdıqlarını deyərək, vurğulayıb: Hamı İslamın heysiyyətini və müsəlmanların vəhdətini qorumağa çalışmalı və öz sayıqlığını itirməməlidir.
İRİB-nin məlumatına görə, Həsən Ruhani Nigeriya prezidenti ilə telefon söhbətində İslam Dünyasında təhlükəsizliyin təmin edilməsi üçün birgə əməkdaşlıq təklif edib.
Cənab Ruhani Nigeriyada şiələrin terror edilməsi hadisəsində zərərçəkənlərin vəziyyəti ilə maraqlanıb və bu hadisə ilə bağlı faktaraşdırıcı qrupun yaradılmasını vacib adlandırıb.
Ruhani əlavə edib: Nigeriya dövlətinin hazırkı şəraitdə bütün zərərçəkənlərə dəstək olmasını və gərginliyin davam etməsini önləmək üçün ciddi tədbirlər görməsini gözləyirik.
Cənab Ruhani daha sonra İran İslam Respublikasının baş vermiş hadisədə zərərçəkənlərə istənilən növ yardımların edilməsinə o cümlədən tibbi xidmətlərin göstərilməsinə hazır olduğunu bildirib.
Nigeriya prezidenti Məhəmməd Buhari də bu telefon söhbətində İran prezidentinə Nigeriya müsəlmanlarının vəziyyəti ilə maraqlandığı üçün təşəkkür edib və deyib: Baş vermiş hadisə ilə bağlı dəqiq hesabatın hazırlanması haqda göstəriş vermişəm və yerli rəsmilərin baş verənlərlə bağlı reaksiya göstərmələrini istəmişəm.
Nigeriya prezidenti həmçinin sakitliyi qorumaq və vəziyyətə nəzarəti ələ almaq istiqamətində lazımi səylərin göstəriləcəyini bildirib.