Dek 28, 2015 15:02 Asia/Baku
  • Cabiri Ənsari: Nüvə anlaşmasından kənar addımlar İranın qarşılıqlı reaksiyası ilə üzləşəcək
    Cabiri Ənsari: Nüvə anlaşmasından kənar addımlar İranın qarşılıqlı reaksiyası ilə üzləşəcək

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü deyib: Qarşı tərəfin nüvə anlaşmasından kənar atacağı hər bir addım, İran tərəfinin qarşılıqlı addımı ilə üzləşəcək.

İranın XİN sözçüsü Sadiq Hüseyn Cabiri Ənsari bu gün yerli və xarici jurnalistlərin iştirakı ilə təşkil etdiyi həftəlik brifinqində deyib: İran İslam Respublikası nüvə anlaşmasına və razılaşdırılmış qaydalara əsasən addım atacaq və qarşı tərəfin razılaşdırılmış qaydalardan kənar hər bir addımı İran tərəfinin qarşılıqlı addımı ilə cavablandırılacaq.

Cabiri Ənsari əlavə edib: ABŞ rəsmilərinin rəftarları bir növ siyasi müharibədən və Amerikadakı siyasi partiyalar arasında gedən daxili qarşıdurmadan xəbər verir. Və bu ölkədə keçiriləcək prezident seçkilərinin zamanı yaxınlaşdıqca, bu qarşıdurmalar daha da artır.

İran Xarici İşlər Nazirliyinin sözçüsü həmçinin deyib: Amerikanın daxilində cərəyan edən qüdrət çəkişməsinin İran ilə heç bir əlaqəsi yoxdur və İranın milli maraqlarına aid olan məsələ nüvə anlaşması əsasında icra olunacaq.

Cabiri Ənsari Türkiyə prezidentinin İranı təfriqəçilikdə ittiham etməsi barədə də deyib: Bu ilk dəfə deyil ki, İranla bağlı bu kimi ədəbiyyatdan istifadə edilir və bu məsələ regionda cərəyan edən bəzi hadisələrlə əlaqədar müəyyən siyasi məqsədlərə xidmət edir.

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Suriya və regionda cərəyan edən hadisələrlə bağlı İranın baxışlarını şərh edərək, deyib: Önəmli olan ilk məsələ Suriya xalqının bu ölkənin gələcəyi ilə bağlı qərar qəbul etmə haqqının diqqətə alınmasıdır.

Cabiri Ənsari həmçinin İran İslam Respublikasının terrorizm və zorakılıqdan siyasi məqsədlərə çatmaq üçün bir vasitə kimi istifadənin edilməsi ilə müxalif olduğunu vurğulayıb və deyib: İran İslam Respublikası Suriya böhranının həllini bu prinsip əsasında izləyir.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü həmçinin ümidvarlıq edib ki, İran və digər region ölkələri arasında mövcud olan ortaq baxışlar əsasında regionda cərəyan edən hazırkı böhranları nəzarət altına almaq mümkün olsun.

Cabiri Ənsari həmçinin, ABŞ-ın İrandakı amerikalı girovlara kompensasiyanın ödənilməsi ilə bağlı qərarına işarə edərək, İranın Mərkəzi Bankının dondurulmuş mal varlığından Amerika tərəfindən istifadənin edilməsi barədə də deyib: ABŞ bildirib ki, bir fransız bankının cərim edilməsindən əldə edilən vəsait hesabına, İranda girov götürülmüş amerikalılar adlandırılan şəxslərə kompensasiyanın ödənilməsi nəzərdə tutulur və bu məsələdə İranın mənafeyi və ya mal varlığı ilə əlaqədar hansısa fikir səsləndirilmir.

İranın Xarici İşlər Nazirliyinin sözçüsü İranın Mərkəzi Bankının Amerikadakı mal varlığı ilə bağlı məsələyə gəlincə deyib: Bu iş 2007-ci ildən bəri ABŞ-ın məhkəmə orqanlarında gündəmdədir və indiyə kimi bu xüsusda ABŞ məhkəmələri tərəfindən bir neçə mərhələdə qərarlar çıxarılıb.

İran Xarici İşlər Nazirliyi sözçüsünün dediyinə görə, İranın Mərkəzi Bankı müstəqil və qeyri-dövlət qurum olaraq, öz haqqını tələb etmək üçün şikayət ərizəsi hazırlamaqdadır.

Teqlər