İranlıların Şeyx Nimrin edamına kəskin reaksiyaları
Ərəbistan şiələrinin rəhbəri Şeyx Nimrin edamı xəbərindən dərhal sonra İranda başlanmış bu edama etiraz aksiyası bazar günü də genişlənibdir. Güclü təhlükəsizlik tədbirləri altında bir qrup tələbə Ərəbistanın Tehrandakı səfirliyi önünə toplaşıb. Tehran əhalisindən bir qrupu da Fələstin meydanına yığışıb.
Ərəbistanın Daxili İşlər Nazirliyi şənbə günü bir bəyanat yayaraq, Şeyx Nimr Baqir Əl-Nimrin edam hökmünün icrasından xəbər vermişdi ki, bu, islami ölkələrin və insan haqları təşkilatlarının kəskin reaksiyası ilə üzləşmişdi.
İranda etirazlar daha güclü və şiddətli olubdur.
Tehran universitetləri tələbələrindən bir qrupu şənbə günü Ali-Səud tejimi tərəfindən şəhid edilmiş Ayətullah Şeyx Nimr Baqir Əl-Nimrin edam olunmasına etiraz olaraq, Səudiyyənin Tehrandakı səfirliyi ətrafına toplaşmışdı.
Hüquq-mühafizə qüvvələri toplanış məkanında olaraq, Ərəbistan səfirliyinə çıxan küçələri bağlayıb, etirazçıları dağıtmağa səy göstəriblər.
Hüquq-mühafizə qüvvələri etirazçılardan istəyiblər ki, Ərəbistan səfirliyinin ətrafını tərk etsinlər.
Etirazçı tələbələr Ali-Səud başçılarını "Allah Evinin qəsbkarları" adlandıraraq, prezident Ruhaninin hökumətindən şiə ruhaninin edamı ilə bağlı daha kəskin reaksiya göstərməsini istəyiblər.
Tələbələr Ərəbistan səfirliyi ətrafındakı küçələrdə vurulmuş tabloları qopararaq, onların yerinə Şeyx Nimrin tablosunu vurublar.
Hüquq-mühafizə qüvvələri də etirazçıların səfirliyə yaxınlaşmalarının qarşısını almaq üçün öz qüvvələrinin sayını artırıb və bəzi aksiyaçılar da həbs olunublar.
Bazar günkü aksiya ilə bir vaxtda başqa bir aksiya da Tehranın Fələstin meydanında keçirilibdir.
Aksiyaçılar Amerika və İngiltərənin bayraqlarını yandıraraq, "Nə saziş, nə təslim, Amerika ilə döyüş!" şüarı veriblər.
Şənbə günü gecə də Ərəbistanın Tehrandakı səfirliyi və Məşhəddəki konsulluğu önündə iki aksiya keçirilibdir ki, onların ardınca bəzi etirazçılar Ərəbistanın səfirlik və konsulluq binalarını yandırıblar.