Laricani: İran Rusiyaya hərbi baza verməyib
İran İslam Şurası Məclisinin sədri deyib: İran regionda mövcud olan terrorizm böhranı ilə mübarizədə Rusiya ilə əməkdaşlıq edir. Amma, bu ölkənin ixtiyarına hansısa hərbi baza verməyib.
İRİB-nin verdiyi məlumata görə, Əli Laricani çərşənbə günü, Rusiya qırıcılarının İranda yerləşməsi barədə verilən suala reaksiya olaraq deyib: İran bir müttəfiqi olaraq Rusiya ilə regional məsələlər o cümlədən Suriya böhranı ilə bağlı əməkdaşlıq edir. Amma, bu o demək deyil ki, İran Rusiyanın istifadəsinə hərbi baza verib.
Əli Laricani İran konstitusiyasının 146-cı maddəsinə əsasən ölkədə xarici qüvvələrin yerləşdirilməsi və xaricilərin İranda hərbi bazaya malik olmasının qadağan olduğunu xatırladıb və deyib: İran terrorizm böhranı ilə bağlı Rusiya ilə əməkdaşlıq edir və Moskva regonun durumu ilə bağlı malik olduğu doğru dərkə əsasən terrorizm böhranının həllində Tehran ilə əməkdaşlıq edir.
Laricani Suriya böhranının həlli ilə bağlı İranın baxışlarının doğruluğunun aşkar olmasına da işarə edib və deyib: İran Moskvanın Yəmən böhranı ilə bağlı mövqeyini də dəstəkləyir. Buna görə də demək olar ki, regionda cərəyan edən terrorizm böhranının həlli ilə bağlı Tehran və Moskva yaxın mövqelərə malikdirlər.
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani də çərşənbə axşamı Rusiyanın İran səması və İranın hərbi bazalarından Suriyada terrorçular əleyhinə hücumlarda istifadə etməsi ilə bağlı yayılan bəzi xəbərlərə reaksiya olaraq deyib: İran və Rusiyanın Suriyada terrorizm ilə mübarizədəki əməkdaşlığı stratejidir.