May 26, 2017 14:01 Asia/Baku
  • Xatəmi: Bəhreyn bu ölkə xalqı üçün böyük bir məhbəsə çevrilib
    Xatəmi: Bəhreyn bu ölkə xalqı üçün böyük bir məhbəsə çevrilib

Tehranın cümə namazı xitabətçisi Bəhreynin xəfiyyə qüvvələrinin bu ölkənin tanınmış din xadimi Şeyx İsa Qasimin mənzilinə qarşı basqınını pisləyərək, bildirib ki, Ali-Xəlifə rejimi repressiya, həbs və müxtəlif cinayətlərlə Bəhreyni bu ölkə xalqı üçün böyük bir məhbəsə çeviribdir.

Ayətullah Seyid Əhməd Xatəmi Tehranın buhəftəki cümə namazı xütbələrində bildirib ki, Ali-Xəlifə rejiminin Bəhreyn xalqına qarşı vəhşiliklərinin tayı görünməyibdir. O, deyib: Ali-Xəlifə rejiminin cinayətləri Amerika və Ərəbistanın dəstəklərilə həyata keçir.

Ayətullah Xatəmi Bəhreynin xəfiyyə qüvvələrinin bu ölkənin tanınmış din xadimi Şeyx İsa Qasimin mənzilinə qarşı basqınını əsl Məhəmməd(s.ə.s.) İslamı ilə mübarizə üçün bir bəhanə adlandırıb və bildirib ki, Bəhreyn hökmranları Amerika sayağı İslamın təzahürüdürlər.

Tehranın cümə namazı xitabətçisi vurğulayıb: Bəhreyn xalqının Ali-Xəlifə qarşısındakı müqavimətilə bu rejim tarixin zibilliklərinə tullanacaqdır.

Ayətullah Xatəmi həmçinin Ai-Səud rejiminin xəfiyyə qüvvələrinin Ərəbistanın şərqində yerləşən şiə sakinli Əvamiyyə şəhərinə qarşı hücumunu pisləyibdir.

Tehranın cümə namazı xitabətçisi ABŞ prezidenti Donald Trampın Ərəbistana səfərinə və Ərriyada milyardlarla dollar silah satmasına işarə edərək, deyib: Əgər Ali-Səud tərəfindən İrana qarşı bir xətaya yol verilərsə, bu rejim İran İslam Respublikasından möhkəm bir cavab alacaqdır.

O, Ərriyadda keçirilmiş son ərəb-amerikan iclasa toxunaraq, bildirib ki, Amerikadan asılı olan hökmranlar, məhv edilmiş Səddam rejiminin taleyinə düçar olacaqlar.

Ayətullah Xatəmi habelə bildirib ki, İran dünyanın hər yerində, o sıradan İngiltərənin Mançester şəhərində törədilən terror hücumunu pisləyir. O, söyləyib: Cinayətkarların özləri İŞİD terror qrupunu yaradıblar və indi bu qrupun cinayətləri onların özlərini bürüyübdür.

Tehranın cümə namazı xitabətçisi daha sonra İran xalqının 19 may seçkilərindəki əzəmətli iştirakına görə, öz təşəkkürünü bildirib və belə deyib: İran xalqının seçkilərdəki 73 faizlik iştirakı dini demokrtaiyanın bir nümunəsidir və bu əzəmətli iştirak islami quruluşun tərəqqisinə səbəb olacaqdır.

Teqlər