Tehran terror aktları ilə əlaqədar bir qrup saxlanılıb
Tehranda törədilən terror aktlarını dəstəkləyənlərdən bir qrupu İranın müxtəlif yerlərində saxlanılıb.
Çərşənbə sübh İŞİD terror qruplaşmasına bağlı ünsürlərin İran İslam Şurası Məclisi və İmam Xomeyninin (rə) pak məqbərəsinə hücumlarında 17 nəfər şəhid olub, 52 nəfər yaralanıb.
İRİB-in məlumatına görə, Əlborz vilayətinin baş prokuroru Əhməd Fazilian deyib: Tehran terror aktlarını dəstəkləyənlərdən 7 nəfəri Əlborz vilayətinin Fərdis rayonunda saxlanılıb.
Fars vilayətinin Təhlükəsizlik İdarəsinin ictimai əlaqələr şöbəsi də bildirib: Fars vilayətində terror dəstələri ilə əlaqədar 7 nəfər saxlanılıb.
İran İslam Respublikası Təhlükəsizlik Nazirliyi cümə günü bir məlumatda bildirib: Kirmanşah, Kürdüstan, Qərbi Azərbaycan və Tehran vilayətlərində əməliyyat, eləcə də əlaqələndiricilər və tədarükçülərdən ibarət İŞİD terror qruplaşmasının 41 ünsürü sənədlər və hərbi təchizatlarla birlikdə heç bir terror aktı törədə bilmədən müəyyənləşdirilərək həbs olunub.