İran XİN Mosulun azad edilməsini təbrik edib
-
Bəhram Qasemi
İran Xarici İşlər Nazirliyinin sözçüsü İŞİD terror qrupunun Mosulda ağır məğlubiyyətə uğramasını təbrik edərək, terrorizmin maliyyə təmini və təfəkkür köklərinin qurudulması üçün kütləvi mübarizənin davam etdirilməsini istəyibdir.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi dünən gecə İraqın dövləti və xalqının müqaviməti, ordusu və xalq qüvvələrinin rəşadətlərilə əldə olunmuş İŞİD terror qrupunun Mosulda ağır məğlubiyyətə uğraması münasibətilə bu ölkənin dövləti, xalqı, şiə mərcəiyyəti, bütün din və məzhəblərin alimlərini, qövmlərini, silahlı və xalq könüllü qüvvələrini təbrik edib.
Qasemi vahid və demokratik İraq çərçivəsində bu ölkə xalqı üçün daha artıq rifah, asayiş, təhlükəsizlik və sabitlik arzu edərək, İraqda və regionda terrorizmlə kütləvi mübarizə vacibliyini vurğulayıb.
İran Xarici İşlər Nazirliyinin sözçüsü həmçinin İran İslam Respublikasının terrorçuların qalıqlarının tam şəkildə məhvinədək region dövlətləri və xalqlarına kömək etməyə hazır olduğunu bildirib.
Bundan öncə İran İslam Respublikasının prezidenti Həsən Ruhani ayrı-ayrı müraciətlərdə İraqın prezidentinə, baş nazirinə və bu ölkə şiələrinin böyük təqlid mərcəyi Ayətullah Sistaniyə müraciətlər göndərərək, İraqın Neynəva vilayətinin mərkəzi olan Mosul şəhərinin azad edilməsi münasibətilə onları təbrik etmişdi.
İraqlı qüvvələr ötən cümə axşamı günü səhər tezdən Mosulun qərbindəki Əlnuri məscidinə çatıblar və İraqın baş naziri Heydər Əlibadinin bildirdiyinə görə, bu uğur “İŞİD-in Mosuldakı fəaliyyətinin bitməsi” deməkdir.
İŞİD-in başçısı Əbubəkr Əlbəğdadi 2014-cü ilin iyununda Əlnuri məscidində xilafəti elan etmişdi. Əlnuri məscidi və onun tarixi Əlhudəba minarəsi ötən həftə İŞİD terror qrupu tərəfindən tam şəkildə məhv edildi.