İyul 27, 2017 10:07 Asia/Baku
  • Qasemi: İrana qarşı yeni sanksiyalar Amerikanın səhvlərinin təkrarıdır
    Qasemi: İrana qarşı yeni sanksiyalar Amerikanın səhvlərinin təkrarıdır

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü deyib: Amerikanın İrana qarşı yeni sanksiyalarının qəbul olunması Vaşinqtonun İran xalqına qarşı düşmənçilik hərəkətləri və Amerikanın keçmiş səhvlərinin təkrarıdır.

Amerika konqresinin nümayəndələr palatası çərşənbə axşamı günü gecə Vaşinqtonun Tehran qarşısındakı ədavətli münasibətinin davamında İrana qarşı əhatəli sanksiyalar layihəsini 419 lehinə səslə qəbul etdi.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi çərşənbə günü Əlaləm telekanalı ilə müsahibədə Amerikanın İrana qarşı yeni sanksiyalarını nüvə anlaşmasının ruhu ilə təzadlı adlandırıb və belə əlavə edib: Bu hərəkətlər onu göstərir ki, Amerika İran və region məsələləri barədə düzgün bir düşüncəyə malik deyil və özünün İran və region ilə bağlı keçmiş strateji xətalarından ibrət dərsi almayıbdır.

Qasemi bildirib ki, Amerika daim İran İslam Respublikasının əleyhinə hərəkətləri şiddətləndirmək ardınca olub. O, deyib: Dünyanın, regionun və hətta Amerikanın hazırkı şəraiti keçmişdəki şəraitdən fərqlənir və bugünkü Amerika dünənki Amerikanın qüdrətinə malik deyil. Bugünkü Avropa da dünənki Avropa deyildir.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü həmçinin regionun təhlükəsizliyini bütün ölkələrin xeyrinə adlandırıb və belə qeyd edib: İran regionun təhlükəsizliyi və asayişi üçün bir çox səylər göstərib və regionun inkişaf və asayişdəki yerinin yüksəlməsi üçün çalışmaq lazımdır.

İranın diplomatiya idarəsinin sözçüsü İranın müdafiə qüdrətinin gücləndirilməsini mühüm adlandırıb və belə söyləyib: İranın müdafiə və raket qüdrəti önləyici olaraq, ölkənin sabitliyi, təhlükəsizliyi və tərəqqisinin xidmətindədir və heç bir ölkənin əleyhinə yönəlməyibdir.

Teqlər