Ruhani: Nüvə anlaşmasının qorunmasında Avropanın üzərinə böyük vəzifə düşür
İran İslam Respublikasının prezidenti bildirib ki, bəzi tərəflər nüvə anlaşması qarşısındakı öhdəliklərinə sadiq deyillər. O, vurğulayıb ki, bu gün bütün tərəflərin nüvə anlaşmasına sadiq qalmalarının qorunmasında Avropanın üzərinə böyük vəzifə düşür.
İran İslam Respublikasının prezidenti Həsən Ruhani bu gün Tehrana səfər etmiş Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Federika Moqerini ilə görüşdə deyib: Öhdəliklərin Amerika dövləti tərəfindən ardıcıl surətdə pozulması ümumi fikirdə mənfi təsirə malik olub və nüvə anlaşmasının icrası yolunda dağıdıcı ola bilər. Əlbəttə, İran İslam Şurası Məclisi Amerikanın yeni addımları ilə mübarizə istiqamətində bir qanun qəbul edəcək.
Ruhani həmçinin bildiribdir ki, Avropa Birliyi nüvə anlaşmasının səmərə verməsində mühüm rol oynayıbdır. O, əlavə edib: Nüvə anlaşmasının icrasının mühüm hissəsi tez bir zamanda və tam şəkildə icra olunmalı olan iqtisadi və bank əlaqələri, həmçinin ticarət fəaliyyətlərində açılış ilə bağlıdır.
Federika Moqerini də bu görüşdə bildiribdir ki, Avropa İttifaqı nüvə anlaşmasının tam şəkildə icrasına zəmanət üçün əhatəli bir proqram ardıncadır. O, deyib: Nüvə anlaşması təkcə bir tərəfə məxsus deyil və bütün müzakirə tərəfləri və dünya ictimaiyyəti onun qorunması üçün səy göstərməlidirlər.
Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi nüvə anlaşmasını hərtərəfli şəkildə himayə etdiyini və İranın öz öhdəliklərinə sadiq qaldığını vurğulayıb. O, söyləyib: Atom Enerjisi üzrə Beynəlxalq Agentlik altıncı dəfə olaraq öz hesabatında vurğulayıbdır ki, İran İslam Respublikası nüvə anlaşmasındakı bütün öhdəliklərinə tam şəkildə sadiq qalıbdır.