İranın Myanmadakı müsəlmanların vəziyyəti ilə bağlı diplomatik səyləri
İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Myanmadakı müsəlmanların vəziyyətini izləmək üzrə İslam Respublikasının diplomatik səylərini şərh edib.
IRIB-nin məlumatına görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi deyib: Tehran indiyədək Myanmadakı müsəlmanların vəziyyətini izləmək üçün geniş diplomatik fəaliyyətlər göstərib və məşvərətlər aparıb və İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif müxtəlif ölkələrdəki bir çox həmkarları ilə telefonla danışıb.
Qasemi əlavə edib: Tehranın diplomatik tədbirləri çərçivəsində İranın Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatındakı nümayəndəliyinə təlimat da göndərilibdir ki, onlar BMT-nin rəsmiləri və islami ölkələrin bu beynəlxalq təşkilatdakı səfirləri ilə görüşərək, Myanmada müsəlmanların vəziyyətini izləsinlər.
İran Xarici İşlər Nazirliyinin sözçüsü həmçinin İranın Tailanddakı səfirliyinin İranın Myanmada səlahiyyətli səfirliyi kimi əməl etdiyini bildirərək, belə qeyd edib: İranın Tailanddakı səfirliyi Myanma dövlətilə əlaqələr saxlayıbdır ki, İranın yardımlarının Qırmızı Aypara Cəmiyyəti vasitəsilə bu məntəqə əhalisinə göndərilməsinə zəmin yaranmış olsun, amma Myanma dövlətilə əlaqələrin saxlanılmasına baxmayaraq, təəssüflə, indiyədək bu ölkə dövləti İranın humanitar yardımlarının göndərilməsi üçün heç bir lisenziya verməyibdir.
Qasemi vurğulayıb: Tehranın diplomatik səyləri davam etdiriləcək ki, İran Qırmızı Aypara Cəmiyyəti İranın yardımlarını bu məntəqənin məzlum əhalisinə göndərə bilsin və belə bir lisenziyanın göndəriləcəyi halda, İran Xarici İşlər Nazirliyindən bir heyət həmin yardımlarla yanaşı, Myanmaya səfər edəcəkdir.
İran Xarici İşlər Nazirliyinin mətbuat katibi sonra vurğulayıb: İran İslam Respublikasının Myanma müsəlmanlarının vəziyyətini izləmək üzrə diplomatik səyləri müxtəlif səviyyələrdə davam etdiriləcək.
Avqustun 25-dən bəri Myanma ordusunun Raxin əyalətində Ruhinqa müsəlmanlarına qarşı yeni repressiv və təcavüzkar hücumları zamanı 6334 ruhinqalı müsəlman həlak olub və 8349 nəfər də yaralanıbdır.