Sen 14, 2017 19:20 Asia/Baku
  • Cabiri Ənsari Putinin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi ilə görüşüb

İran xarici işlər nazirinin müavini və Astana müzakirələri üzrə İran heyətinin rəhbəri Rusiya prezidentinin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentievlə görüşərək danışıqlar aparıb.

İRNA-nın məlumatına görə, bu görüş bu gün Qazaxıstan paytaxtı Astana şəhərində 6-cı Suriya Sülh Müzakirələrinin keçirildiyi məkanda baş tutub. 

İran xarici işlər nazirinin Ərəb və Afrika ölkələri üzrə müavini Hüseyn Cabiri Ənsari bu görüşdən sonra öz Teleqram səhifəsində yazıb: İki tərəf Astana müzakirələri prosesinin son durumunu, təhlükəsiz zonalar, həmçinin Astana işçi qrupunun iclaslarında hazırlanan sənədlərin son vəziyyəti haqda fikir mübadiləsi apardı. 

Hüseyn Cabiri Ənsari bu gün Astanaya daxil olub. 

6-cı Suriya Sülh Müzakirələri bu gündən Qazaxıstan paytaxtı Astanada işə başlayacaq. Astana müzakirələrinin bu turu iki gün davam edəcək. 

İndiyə qədər Astanada Suriya dövləti, atəşkəsi qəbul edən müxaliflərin heyətləri, eləcə də Suriyada sülhün zəmanətçiləri olaraq İran, Rusiya və Türkiyə heyətlərinin iştirakı ilə 5 tur müzakirə keçirilmişdir. 

Bu müzakirələrin əsas nəticəsi Suriyada təhlükəsiz zonaların yaradılması üçün anlaşmanın imzalanmasıdır. 

Bu müzakirələr İran İslam Respublikasının təşəbbüsü, Rusiya və Türkiyənin əməkdaşlığı ilə Suriyada sülhün bərpa olunması məqsədilə keçirilir. 

Suriyada böhran 2011-ci ildən regionun proseslərini sionist rejimin xeyrinə dəyişmək məqsədilə Səudiyyə Ərəbistanı, ABŞ və müttəfiqlərinin dəstəklədiyi terror qruplarının hücumları ilə başlanmışdır. 

Teqlər