Ruhani: Nüvə anlaşması müzakirə ediləsi deyil
İran İslam Respublikası prezidenti deyib: Əhatəli Müştərək Təşəbbüs Proqramı heç bir vəchlə müzakirə ediləsi deyil.
İRNA-nın məlumatına görə, İran prezidenti Həsən Ruhani Fransa prezidenti Emmanuel Makronla telefon söhbətində ABŞ prezidenti Donald Trampın nüvə anlaşması əleyhinə hər hansı hərəkətinin çoxtərəfli müqaviləyə zərbə olduğunu bildirərək deyib: Əhatəli Müştərək Təşəbbüs Proqramı müzakirə ediləsi deyil və bütün tərəflər onun qarşısında öhdəliklərinə sadiq qalmalıdırlar. Həmçinin ABŞ prezidenti və Konqresin nüvə anlaşması əleyhinə yanlış hərəkətlərə əl atmasına icazə verməməlidirlər.
İran İslam Respublikası prezidenti deyib: Atom Enerjisi üzrə Beynəlxalq Agentlik İranın Əhatəli Müştərək Təşəbbüs Proqramına sadiq qaldığını elan etmək səlahiyyətinə malik yeganə qurumdur və çoxtərəfli və beynəlxalq öhdəlikləri ABŞ-ın daxili ixtilafları ilə qarışdırmaq dünyanın etimadı üçün çox təhlükəli ola bilər.
"İran nüvə anlaşması qarşılığında öz öhdəliklərinə sadiqdir" deyən Ruhaninin sözlərinə görə, İslam Respublikası Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlığını davam etdirir. Nüvə anlaşması İran və 5+1 qrupu arasında etimad əsasıdır və bu anlaşmanın möhkəmliyi Avropa Birliyi ilə digər məsələrlə əlaqədar müzakirə və danışıqlar üçün əsas bünövrədir.
İran İslam Respublikası prezidenti bildirib: Avropa Birliyi və İran əməkdaşlıq edərək nüvə anlaşması ilə əlaqədar təxribatçı və yanlış hərəkətlər qarşısında durmalıdırlar.
Ruhani həmçinin Tehran-Paris əlaqələrinin inkişafında nüvə anlaşmasının roluna toxunaraq deyib: İran İslam Respublikası Fransa ilə ikitərəfli, regional və beynəlxalq sahələrdə ikitərəfli maraqlandıran mövzularda əlaqələrini inkişaf etdirməyə və gücləndirməyə hazırdır.
Fransa prezidenti də bu telefon söhbətində bildirib: Paris Tehranla bütün sahələrdə öz əlaqələrini genişləndirməkdə maraqlıdır.
Emmanuel Makron ABŞ-ın nüvə anlaşması əleyhinə səylərinə toxunub və deyib: Avropa Birliyi və Fransa ciddi şəkildə nüvə anlaşmasını dəstəkləyir və onun icrasına tam sadiqdirlər.
ABŞ prezidenti Donald Tramp bu gecə nüvə anlaşması, həmçinin İran İslam Respublikasının regional siyasətləri ilə əlaqədar hökumətinin yeni strategiyasını elan etdi.