Xoşru: ABŞ-ın Qüdslə bağlı rəftarı işğalçılığa legitimlik bəxş etməkdir
İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi Fələstinin işğal edilməsini regiondakı bütün böhranların kökü adlandırıb və deyib: ABŞ prezidenti Donald Trampın Qüdsü sionist rejimin paytaxtı olaraq tanıması işğalçılığa legitimlik bəxş etməyə cəhddir.
İRNA-nın məlumatına görə, Qulamhüseyn Xoşru cümə günü BMT Baş Assambleyasında "Sülh Mədəniyyəti" adlı iclasda Trampın hərəkətini kəskin formada qınayıb və bu addımı BMT qətnamələrinin aşkar formada pozulması hesab edib.
İranın BMT-dəki daimi nümayəndəsi Fələstin xalqının danılmaz haqqını inkar etmək üzrə istənilən cəhdin o cümlədən Qüds şəhəri ilə bağlı fələstinlilərin haqlarının görməməzliyə vurulması vəziyyətin daha da mürəkkəbləşməsinə səbəb olacağını deyib.
Xoşru əlavə edib: Dünya ictimaiyyəti Trampın bu məsuliyyətsiz və qeyri-qanuni rəftarının mənfi nəticələrinə görə ABŞ və sionist rejimi müqəssir hesab edəcək.
İranın BMT-dəki daimi səfiri Trampın bu qərarını Vaşinqtonun Yaxın Şərqdə sülh və sabitliklə bağlı siyasətinin ikiüzlü və riyakarcasına olmasının nişanəsi adlandırıb və deyib: ABŞ-ın beynəlxalq hüquqa və Fələstin xalqının haqlarına laqeyd yanaşması sionist rejimi himayə məqsədi daşıyır.
ABŞ prezidenti Donald Tramp çərşənbə günü regional və beynəlxalq etirazlara baxmayaraq, Qüdsü sionist rejimin paytaxtı olaraq tanıyıb. Tramp həmçinin ABŞ Dövlət Departamentindən bu ölkə səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi üçün hazırlıq işləri görməsini istəyib.
Bir çox ölkə və beynəlxalq təşkilat Trampın bu qərarına qarşı çıxıb.
Qüds 1967-ci ildə İsrail tərəfindən işğal edilib.