İslam Dünyasında birlik və əməkdaşlığın möhkəmləndirilməsi \ İƏT-in Parlamentlərarası Birliyinin Tehran iclasının nəticəsi
İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri İslam ölkələri parlamentlərinin potensiallarından istifadəyə təkid edərək, deyib: İslam Dünyasının düşmənləri o cümlədən amerikalılar və sionistlər İslam ölkələrində ixtilaf törətmək və böhran yaratmaq istəyirlər.
Əlaəddin Brucerdi çərşənbə axşamı İran televiziyası ilə müsahibədə İslam Əməkdaşlıq Təşkilatının Parlamentlərarası Birliyinin Tehranda keçirilən 13-cü iclasına işarə edərək, deyib: İslam Dünyasının düşmənləri yalan informasiyalar yaymaqla ixtilaf törətmək istəyirlər. Bunu zərərsizləşdirməyin yolu isə ifşa etmək və İslam ölkələri arasında davamlı olaraq dialoq aparmaqdır.
Brucerdi həmçinin, İƏT-in Parlamentlərarası Birliyinin ixtisaslaşdırılmış siyasi, insan haqları, qadın, ailə məsələləri, mədəni məsələlər və hüquq məsələləri komitələrinin də Tehranda iclas təşkil etmələrini xatırladıb və deyib: Bu iclaslarda iştirak edənlər Amerika və İsrailin İslam Dünyasının üzləşdiyi son böhranların və İŞİD terror qruplaşmasının formalaşdırılmasındakı rolunu kəskin formada qınadılar.
İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri həmçinin, İranın ABŞ-ın regionla bağlı planları qarşısındakı roluna işarə edərək, deyib: İndiyə kimi İranın rolu ABŞ və İsrail rejiminin İraq və Suriyanı parçalamaq istiqamətindəki səylərinin önlənilməsində xeyli təsirli olub və Kürdüstan məntəqəsinin İraqdan ayrılmasına hesablanmış fitnənin zərərsizləşdirilməsində biz bunun şahidi olduq.
İslam Əməkdaşlıq Təşkilatının Parlamentlərarası Birliyinin 13-cü iclası çərşənbə axşamı Tehranda işə başlayıb. İclas bu gün yekun bəyanat qəbul edərək, öz işini başa vurmalıdır.