Ruhani: İran-Türkiyə əlaqələri bütün sahələrdə inkişaf etməlidir
İran prezidenti dünən axşam Türkiyə prezidenti ilə telefon söhbətində vurğulayıb ki, İran-Türkiyə əlaqələri bütün sahələrdə strateji səviyyədə inkişaf etməlidir.
Həsən Ruhani İranın İran-Türkiyə iqtisadi əlaqələrində sıçrayış yaratmağa hazır olduğunu bildirərək, deyib: Müştərək iqtisadi mübadilələrdə iki ölkənin milli pulundan bəhrələnmənin sürətlə icra edilməsi Tehran-Ankara iqtisadi əlaqələrinə sıçrayış və daha artıq sürət verə bilər.
İran prezidenti habelə bildirib ki, regiondakı çoxlu sayda təhdidlər İran və Türkiyənin, eləcə də digər islami ölkələrin maraqlarını hədələyə bilər. O, qeyd edib: İki ölkənin regional və beynəlxalq məsələlərdəki yaxın baxışlarına əsasən, müştərək siyasi həmkarlıq və məşvərətlər davam etməlidir.
Ruhani regional məsələlərdə İran-Türkiyə-Rusiya üçtərəfli əməkdaşlıqlarının genişləndirilməsini də zəruri sayıb. O, üç ölkə prezidentlərinin Suriya mövzusunda İstanbul iclasının keçirilməsi haqda təklif olunmuş layihəyə toxunaraq, bu iclasın keçirilməsini alqışlayıb və üçtərəfli iclasın zamanı və iş gündəmi barədə üç ölkənin xarici işlər nazirlərinin məşvərət etmələrini istəyib.
Türkiyə prezidenti də bu telefon söhbətində İran İslam İnqilabı qələbəsinin ildönümü münasibətilə İran prezidenti və xalqını təbrik edib. O, Tehran-Ankara əlaqələrinin tərəfləri maraqlandıran bütün sahələrdə genişlənməsini istəyib.
Rəcəb Tayyıb Ərdoğan vurğulayıb ki, iqtisadi mübadilələrdə milli pulların istifadə edilməsi hər iki ölkə üçün mühümdür və Tehran-Ankara iqtisadi əməkdaşlıqlarında sıçrayış yarada bilər.
Türkiyə prezidenti İran və Türkiyənin başlıca regonal və beynəlxalq məsələlərdəki fikir birliyinə toxunaraq, deyib: Yeni regional təhdidlər göstərir ki, Türkiyə və İranın yaxın əməkdaşlığı önəmlidir.