Ruhani: Amerika həmişə anlaşmanın icrasını əngəlləmişdir
İran İslam Respublikası prezidenti deyib: İran Əhatəli Müştərək Təşəbbüs Proqramı qarşısındakı öz öhdəliklərini yerinə yetirib amma təəssüflər olsun ki, ABŞ bu beynəlxalq razılaşmanın icrası istiqamətində daima maneəçiliklər törətmişdir.
İİR prezidenti Həsən Ruhani dünən günortadan sonra Fransa prezidenti Emanuel Makeron ilə telefon söhbətində bütün tərəflərin ƏMTP-nin bütün bəndlərinə qarşı öhdəlikli olduqlarını bir daha vurğulayaraq deyib: Tehran müqabil tərəflər ƏMTP-yə əməl edənəcən öz öhdəliklərinə sadiq qalacaq.
Ruhani ƏMTP barədə təkmilləşdirici müzakirələr adlandırılan mövzu barədə bəzi söz-söhbətlərə toxunaraq deyib: 7 ölkə bir-biri ilə razılaşıb və Təhlükəsizlik Şurası da onu təsdiqləyib, İran da bu razılaşma qarşısındakı öz öhdəliyini tamamiylə yerinə yetirib.
İİR prezidenti həmçinin Yəməndəki qıtlıq və yoluxucu xəstəliklərin geniş yayılmasına, müdafiəsiz yəmənlilərin ardıcıl bombardımanlara məruz qalmasına toxunaraq məzlum Yəmən xalqına yardım üçün Avropanın xüsusiylə Fransanın ciddi hərəkətə keçməsini istəyib.
Fransa prezidenti də bu telefon danışığında İranla möhkəm, stabil və aydın bir əlaqə yaratmaq niyyətində olduğunu bildirərək deyib: Paris nüvə sazişini müdafiə istiqamətində əlindən gələni edir və bu siyasət Fransa dövlətinin birmənalı mövqeyidir.
Emanuel Makeron İran və Fransanın regiondakı mövcud vəziyyəti nəzərə alaraq ağır məsuliyyətə malik olduğunu bildirərək iki ölkənin regional məsələlər sahəsində əməkdaşlıqlarının vacibliyini vurğulayıb.