Avq 06, 2018 10:02 Asia/Baku
  • Fars Körfəzi Ulduzu zavodunda benzin istehsalı gündə 27,5 milyon litrə çatıb
    Fars Körfəzi Ulduzu zavodunda benzin istehsalı gündə 27,5 milyon litrə çatıb

İranın cənubunda yerləşən Fars Körfəzi Ulduzu adlı qaz kondensatı ayırma zavodunun üçüncü blokunun birinci etapının istifadəyə verilməsi ilə bu zavodda "avro5" benzininin istehsalı gündə 27,5 milyon litrə çatıbdır.

İranın neft nazirinin müavini Əlreza Sadeqabadi bu gün səhər Fars Körfəzi Ulduzu adlı qaz kondensatı ayırma zavodunda olaraq, deyib: Üçüncü blokdan distilləşmə bölməsinin təkmilləşdirilməsilə gündə 120 min barel neftayırması da bu zavodun istehsalına əlavə olunub və ümumi istehsal səviyyəsi gündə 360 min barel neftə çatıbdır.

Sadeqabadi bildirib ki, hazırkı benzin istehsalı daxili istehlaka cavab verir. O, əlavə edib: Cari ilin sonunadək bu zavodun üçüncü blokunun təkmilləşdirilməsilə benzin istehsalı gündə qırx milyon litrə çatacaq və onun ixrac edilməsi zəmini yaranacaqdır.

İranın neft nazirinin müavini deyib: Ötən altı ayda İranda 93 milyon litr benzin istehsal olunubdur ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə əlli faizə yaxın artımdan xəbər verir.

İranın import benzindən asılılığının kəsilməsi və xam satışın qarşısını almaq məqsədilə Fars Körfəzi Ulduzu adlı qaz kondensatı ayırma zavodunun inşa əməliyyatı  2007-ci ilin fevralından başlanıbdır.

Fars Körfəzi Ulduzu adlı qaz kondensatı ayırma zavodu benzin, dizel yanacağı, maye qaz, cet yanacağı istehsalı ilə İranın cənubundakı Hormozqan vilayətinin mərkəzi olan Bəndər-Abbas şəhərinin qərbindən 25 kilometr aralıda yerləşir.

 

Teqlər