Tehrandan Londonun düşünülməmiş hərəkətləri və ifadələrinə cavab
İran İslam Respublikasının Xarici İşlər Nazirliyi bir bəyanatda İngiltərənin Tehrandakı səfirinin qanunsuz və qeyri-peşəkar hərəkətləri və onun daxili bir aksiyada şübhəli iştirakı, eləcə də Londonun digər rəsmilərinin yersiz sözlərini pisləyib.
İran İslam Respublikasının Xarici İşlər Nazirliyi bu bəyanatda bir daha İngiltərənin baş naziri, həmçinin xarici işlər və müdafiə nazirlərinin ABŞ-ın Sepah-ın Qüds qüvvələrinin komandanı general-leytenant Qasem Soleymanini və onun silahdaşlarını İraqda şəhid etmək üzrə son terror hərəkətilə bağlı qəbuledilməz ifadələrini pisləyib. Vurğulayıb ki, İngiltərə səfirinin Tehranda daxili bir aksiyadakı iştirakı İranın daxili işlərinə aşkar müdaxilə olaraq, diplomatik münasibətlərə hakim kəsilmiş prinsiplərə ziddir.
Bəyanatda həmçinin İngiltərə xarici işlər nazirinin dünən İran İslam Respublikasına qarşı daha artıq sanksiya tətbiq etməklə hədələməsinə işarə olunub və belə qeyd edilib: Aydındır ki, London təhlükəli hesablamalara əsasən, hələ də başında anti-İran illüziyalar dolandırmaqda, eləcə də regionda və İranla münasibətlərdə gərginliyin artırılması ardıncadır.
İran Xarici İşlər Nazirliyinin bəyanatında sonra deyilir: İngiltərənin hökmranları bilməlidirlər ki, İrana qarşı ittihamlar həmin rejimin kor-koranə şəkildə Amerikanın ardınca getməsi, Londonun nüvə anlaşmasındakı öhdəliklərinin icrasında biabırçı tərzdəki acizliyi və hətta İngiltərə məhkəməsinin hökmünə əsasən, özünün İran xalqına olan yüz milyonlarla funt sterlinq borcunun Amerikadan qorxuya görə, geri qaytarılmasından çəkinməsini ört-basdır edə bilməz.
İran Xarici İşlər Nazirliyi İngiltərənin Yaxın Şərqdəki müstəmləkəçilik keçmişini xatırladaraq, əlavə edib ki, bu ölkənin səfirlərinin digər ölkələrin daxili işlərinə qarışmaları, təfriqə salmaları və daxili qarşıdurmaları qızışdırmaları zamanı başa çatıb və London bu kimi biabırçı hərəkətləri kənara qoymalıdır.
İran Xarici İşlər Nazirliyi İngiltərənin Tehrandakı səfirliyi tərəfindən hər cür təhrikedici və müdaxilə mahiyyətli hərəkətə tez bir zamanda son qoyulmasını istəyib və bu haqda xəbərdarlıq edib. Nazirlik vurğulayıb ki, bu cür hərəkətlərin davam edəcəyi halda, İran Xarici İşlər Nazirliyi daha səfiri çağırmaqla kifayətlənməyəcəkdir.
İngiltərənin Tehrandakı səfiri Rob Mak Eyr şənbə günü gecə Tehrandakı Əmir Kəbir Universiteti qarşısındakı şübhəli hərəkətləri təşkilatlandırdığına və təhrik etdiyinə görə, qısa müddət saxlanılıb və sonra azad edilibdir. Şahidlərin sözlərinə görə, İngiltərənin Tehrandakı səfiri etirazçılarla söhbət etmək, şəkil və film hazırlmaqla məşğul imiş.