İranda təqribən 155 min COVID-19 xəstəsi sağalıb
İranın səhiyyə nazirliyinin sözçüsü ölkədə təqribən 155 min COVID-19 xəstəsinin sağalmasından xəbər verib.
SəhərAzəri xəbər verir, Sima Sadat Lari İranda koronavirusa yoluxanların son sayı barədə bildirib ki, qəti diaqnoz meyarlarına əsasən, ötən sutka ərzində ölkədə COVID-19-a yoluxan iki min 612 yeni xəstə aşkar edilib; onlardan 1071 nəfər xəstəxanaya yatırılıb, yerdə qalan xəstələrə isə ambulator şəkildə xidmət göstərilibdir.
İranda koronavirusa yoluxanların ümumi sayının 195 min 51 nəfərə çatdığını bildirən Lari qeyd edib ki, ötən sutka ərzində 120 nəfər həyatını itirib və İranda koronavirusdan ölənlərin ümumi sayı 9 min 185 nəfərə çatıbdır.
İranın səhiyyə nazirliyinin sözçüsü sonra söyləyib: İndiyədək İranda koronavirusa yoluxanlardan 154 min 812 nəfər sağalıb və xəstəxanalardan buraxılıbdır.