İranda 166 min nəfərdən çox koronavirus xəstəsi sağalıb
İranın səhiyyə nazirliyinin sözçüsü ölkədə COVID-19-a yoluxan iki mindən çox yeni xəstənin aşkar edilməsindən və təqribən 166 min koronavirus xəstəsinin sağalmasından xəbər verib.
SəhərAzəri xəbər verir ki,
İranın səhiyyə nazirliyinin sözçüsü Sima Sadat Lari bu gün ölkədə koronavirusa yoluxanların son sayı barədə bildirib ki, qəti diaqnoz meyarlarına əsasən, ötən sutka ərzində ölkədə COVID-19-a yoluxan iki min 573 yeni xəstə aşkar edilib; onlardan 1319 nəfər xəstəxanaya yatırılıb, yerdə qalan xəstələrə isə ambulator şəkildə xidmət göstərilibdir.
İranda koronavirusa yoluxanların ümumi sayının 207 min 525 nəfərə çatdığını bildirən Lari qeyd edib ki, ötən sutka ərzində 119 xəstə həyatını itirib və İranda bu xəstəlikdən ölənlərin ümumi sayı 9 min 742 nəfərə çatıbdır.
İran səhiyyə nazirliyi sözçüsünün bildirdiyinə görə, indiyədək ölkədə koronavirusa yoluxanlardan 166 min 427 nəfər sağalıb və xəstəxanalardan buraxılıbdır.
Bu məlumata görə, indiyədək İranda COVID-19-un diaqnozu üzrə təqribən bir milyon 449 min 420-dən çox test alınıbdır.