Sen 20, 2020 07:58 Asia/Baku
  • İran BMT baş katibi və TŞ sədrinə məktub ünvanlayıb

İranın BMT-dəki səfiri və daimi nümayəndəsi bu təşkilatın baş katibinə və Təhlükəsizlik Şurasınnı sədrinə ünvanlanmış məktubda ABŞ-ın 2231 saylı qətnamə ilə ləğv edilən sanksiyaların bərpa olunmasına dair iddiasının heç bir hüquqi bazaya malik olmayan, əsassız və təsirsiz bir iddia olduğunu bildirib.

Səhər Azəri bildirir ki, İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Məcid Təxt Rəvançi şənbə günü BMT baş katibi və Təhlükəsizlik Şurası sədrinə məktub ünvanlayıb. 

Məktubda deyilir: Təhlükəsizlik Şurasının heç bir üzvü ABŞ-ın hərəkətinə reaksiya olaraq, Vaşinqtonun İran əleyhinə sanksiyaların bərpa edilməsinə dair "Tətik" mexanizmini işə salmaq səlahiyyətini təsdiq etməyib. Və TŞ-nin 13 üzvü fərdi və ya kollektiv şəkildə TŞ sədrinə ünvanlanmış məktublarda ABŞ-ın bu istəyinin heç bir hüquqi etibara malik olmadığını qəti şəkildə qeyd ediblər. 

Təxt Rəvançi Təhlükəsizlik Şurasının 25 avqust iclasında şuranın əksər üzvlərinin bu mövzu ilə bağlı qətiyyətli mövqeyini, Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə xüsusi nümayəndəsinin 20 avqust tarixli məktubunu və nüvə anlaşması müştərək komissiyasının 1 sentyabr tarixli iclasının yekun bəyanatını xatırladaraq bildirib: Bütün bu mövqelər, məktublar və bəyanatlarda tam aydın formada bildirilir ki, ABŞ nüvə anlaşmasına üzv ölkə deyil. Buna görə də BMT-nin keçmiş sanksiyalarını bərpa etmək kimi bir səlahiyyəti də yoxdur. 

İranın BMT-dəki səfiri və daimi nümayəndəsi öz məktubunda ABŞ-ın başlıca məqsədinin nüvə anlaşmasını birdəfəlik olaraq məhv etmək olduğunu bildirib: ABŞ-ın strategiyası, öz məqsədinə çatmaq üçün birtərəfli qaydada öz maraqlarına uyğun şəkildə hüquqi dəlil və sübutlar görüntüsü yaradan açıqlamalarla mürəkkəb hüquqi vəziyyət yaratmaqdır. 

Təxt Rəvançi əlavə edib: İran Təhlükəsizlik Şurası üzvlərinin bir daha ABŞ-ın TŞ-dən sui-istifadə etməsinə, onun etibarını ləkələməsinə mane olacaqlarına əmindir. 

ABŞ 8 may 2018-ci ildə nüvə anlaşmasından çıxdı. 20 avqust 2020-ci ildə isə Təhlükəsizlik Şurasına bildiriş göndərərək, nüvə anlaşmasının İran tərəfindən pozulduğunu iddia edərək, İran əleyhinə beynəlxalq sanksiyaların 20 sentyabr 2020-ci il tarixində avtomatik qaydada qüvvəyə minəcəyini iddia edir.

Teqlər