Qarabağ münaqişəsinin həlli uğrunda İranın səyləri artır Təhlil
İran İslam Respublikası prezidentinin xüsusi nümayəndəsi Seyid Abbas Əraqçinin Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan Respublikası, Rusiya, Ermənistan və Türkiyəyə işgüzar səfəri davam edir. Nazir müavinin səfərinin məqsədi İranın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı təşəbbüsünü təbliğ etmək məqsədi daşıyır.
SəhərAzəri xəbər verir, İranın bir müddət əvvəl İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahül-uzma Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti tərəfindən açıqlanan rəsmi mövqeyi bundan ibarətdir ki, Ermənistan Azərbaycan Respublikasının işğal olunmuş ərazilərini boşaltmalıdır.
Cənab Vilayəti Tehranda nəşr olunan Keyhan qəzeti ilə müsahibədə deyib: Bütün ölkələrin ərazi bütövlüyünə hörmət edilməsi BMT Nizamnaməsinin prinsiplərindən biridir və biz də, təşkilatın üzvü olaraq, ona sadiqik. BMT üzvü olaraq Ermənistanın işğal olunmuş əraziləri Azərbaycana qaytarmasını istəyirik. Bu ərazilərin işğalı nəticəsində 1 milyondan çox azərbaycanlı köçkün düşüb və tezliklə vətənlərinə qayıtmalıdırlar. Yəni Fələstinin sionist rejim tərəfindən işğalına qarşı çıxdığımız kimi, burada da eyni mövqedəyik”.
Göründüyü kimi Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası İranın əsas istəyidir və bu barədə dəfələrlə Ermənistana çağırış edilmilşdir. İndiki şəraitdə İran dövləti torpaqların azad edilməsini həmin siyasətə uyğun hesab edir və arazın o tayında təhlükəsizliyin məsul dövlətə və əlbəttə ki öz həqiqi sahibinə qayıtmasını mühüm hadisə kimi səciyyələndirir.
İran beynəlxalq hüquq normalarını rəhbər tutaraq təkid edir ki, Dağlıq Qarabağ nə müstəqil dövlət ola bilər, nə də Ermənistana biləşdirilə bilər. Zira Dağlıq Qarabağın müstəqil olması və yaxud Ermənistana birləşdirilməsi regionun təhlükəsizliyi üçün təhdiddir. Bu məsələ İranın rəsmi dairələri tərəfindən Azərbaycan rəhbərliyinin diqqətinə çatdırılıb ki, münaqişə beynəlxalq qanunlar, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll olunmalıdır. Zira erməni qüvvələrinin 30 ildir işğalda saxladıqları torpaqlardan çəkilməsi beynəlxalq hüququn və BMT qətnamələrinin tələbidir.
7 sentyabr tarixində İranın Azərbaycanda yeni təyin olunmuş səfiri Seyid Abbas Musəvi də etimadnaməsini Prezident İlham Əliyevə təqdim edərkən bildirib ki, İran İslam Respublikası Azərbaycan Respublikasının işğal olunmuş əraziləri məsələsində, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli və haqq mövqeyini dəstəkləyir.