Zərif: "Beynəlxalq quruluşda təkqütblük və Qərbin dominantlıq dövrü sona çatıbdır"
İranın xarici işlər naziri deyib: "Beynəlxalq quruluşda təkqütblük və Qərbin dominantlıq dövrü sona çatıbdır".
SəhərAzəri xəbər verir ki, İranın xarici işlər naziri Məhəmməd Cavad zərif Tacikistanda keçirilən "Asiyanın Ürəyi" konfransı çərçivəsində, Asiyada Qarşılıqlı Etimad Tədbirləri Konfransı (CICA)nın icraçı direktoru Kayrat Sarıbay ilə görüşüb və beynəlxalq quruluşda təkqütblük və Qərbin dominantlıq dövrünün sona çatdığını bəyan edərək, beynəlxalq münasibətlərin hazırkı proseslərində Asiyanın və bölgə ölkələrinin əhəmiyyətini vurğulayıb.
İranın xarici işlər naziri ölkəsinin CICA-nın və üzv ölkələr arasında əməkdaşlığın gücləndirilməsə dəstək verdiyini bildirib.
Zərif, həmçinin Qazaxıstanın İranın nüvə müzakirəsi və Suriyada sülhün bərqərar olunması üçün yeganə təsirli proses olan Astana prosesi çərçivəsində sülh danışıqlarındakı rolunu yüksək qiymətləndirib.
CICA-nın icraçı direktoru da bu görüşdə, İran İslam Respublikasının CICA-nın regional fəaliyyətlərində iştirakını yüksək dəyərləndirərək, CICA-nın gələcək planlarını, o cümlədən CICA-ya üzvü olan ölkələrin zirvə toplantısı, həmçinin nazirlər səviyyəsində görüş üçün aparılan planlaşdırmaları izah edib.
İran İslam Respublikasının xarici işlər naziri Tacikistan hökumət nümayəndələrinin rəsmi qarşılaması ilə bazar günü axşam paytaxt Düşənbənin Beynəlxalq Hava Limanına daxil olub.
Məhəmməd Cavad Zərif iki günlük səfəri zamanı “Asiyanın ürəyi” konfransında iştirak edəcək, həmçinin Tacikistan rəsmiləri ilə iki ölkə arasında münasibətlərin inkişafını, regional və beynəlxalq məsələləri müzakirə edəcək.
Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov da "Asiyanın Ürəyi" konfransında iştirak etmək üçün Tacikistana yola düşüb.
Asiyanın Ürəyi Konfransı Əfqanıstanda və bütövlükdə bölgədə sabitlik, sülh və firavanlığı təşviq etmək üçün siyasi dialoq və regional əməkdaşlıq üçün bir platforma hesab edilir. Bu platformanın iştirakçıları İran İslam Respublikası, Əfqanıstan, Tacikistan, Pakistan, Çin, Rusiya, Hindistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Türkiyə, Azərbaycan Respublikası, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləridirlər.