Sen 16, 2021 18:46 Asia/Baku
  • İran prezidenti Tacikistanın paytaxtı Düşənbəyə daxil olub

İran İslam Respublikası prezidenti Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak etmək və ikitərəfli görüşlər keçirmək üçün Tacikistanın paytaxtı Düşənbəyə səfər edib.

SəhərAzəri-nin məlumatına əsasən, Şanxay Əməkdaşlıq Təşkilatının hazırkı sədri olaraq, Tacikistan prezidenti İmaməli Rəhmanın rəsmi dəvəti ilə bu ölkəyə səfər etmiş İran prezidenti Seyid İbrahim Rəisi artıq Düşənbə şəhərinə daxil olub və Tacikistan baş naziri Qahir Rəsulzadə tərəfindən qarşılanıb.

Bu İran prezidenti olaraq, Rəisinin ilk xarici səfəridir və səfər çərçivəsində Şanxay Əməkdaşlıq Təşkilatının zirvə toplantısına qatılmaqla yanaşı, iclasda iştirak edən ölkələrin başçıları və rəsmiləri ilə ikitərəfli görüşlərin keçiriləcəyi də gözlənilir. 

Prezident Reisi Tacikistan səfərindən əvvəl verdiyi açıqlamada, bu səfərin İranla Tacikistan əlaqələri üçün yeni bir səhifə açacağını bildirib.

Tehran-Düşənbə əlaqələrinə toxunan Reisi, İranın Tacikistanla eyni dilə və mədəniyyətə sahib olduğunu ifadə edərək, deyib: "Region və qonşu ölkələri ilə əlaqələri inkişaf etdirmək prioritetlərimizdən biridir. Tacikistanla da əlaqələr bu çərçivədədir".

Şanxay Zirvəsinə qatıldıqdan sonra Rəisi tacik həmkarı ilə ikitərəfli görüş keçirəcək və iki ölkənin yüksək səviyyəli nümayəndə heyətləri birgə görüşlərdə əlaqələrin inkişaf etdirilməsi yollarını müzakirə edəcəklər.

Zirvəyə qatılan bir sıra ölkə başçıları və rəsmiləri ilə ikitərəfli və regional məsələlərin müzakirə edilməsi, həmçinin Tacikistanda yaşayan iranlılarla görüş keçirmək Ayətullah Rəisinin Tacikistan səfərinin ilk gününün planlarındandır.

Qeyd edək ki, İran prezidentinin görüşləri başlayıb və Seyid İbrahim Rəisi Pakistanın baş naziri İmran Xan, Özbəkistan prezidenti Şövkət Mirziyayev, Belarus prezidenti Aleksandr Lukaşenko ilə ikitərəfli görüşlər keçirib.

Teqlər