Sen 29, 2021 12:52 Asia/Baku
  • Ekspert: İranın bu addımı Azərbaycan iqtisadiyyatı üçün yaxşı haldır

İran İslam Respublikası oktyabr ayının 23-dən Azərbaycan, Türkiyə, Naxçıvan Muxtar Respublikası, İraq, Əfqanıstan, Ermənistan və Pakistanla quru sərhədlərini açacaq.

SəhərAzəri-nin məlumatına əsasən, quru sərhədlərindən sərnişin avtobusları və şəxsi avtomobillərlə də gediş-gəlişə icazə veriləcək. İranın mədəni irs, əl işləri və turizm naziri İzzətullah Zərqaminin sözlərinə görə, İran Prezidenti Seyid İbrahim Rəisi Nazirlər Kabinetinin iclasında ölkəyə səfər etmək üçün vizaların verilməsi və quru sərhədlərindən turistlərin gediş–gəlişi üçün lazımi infrastrukturun hazırlanmasına göstəriş verib.

İranın Azərbaycanla quru sərhədlərini açması ilə bağlı iqtisadçı Emin Qəribli Sputnik Azərbaycan-a deyib ki, İranın Azərbaycanla quru sərhədlərini açması bölgə iqtisadiyyatı, o cümlədən Azərbaycan iqtisadiyyatı üçün yaxşı haldır. Belə ki, ölkələrarası mübadilə nə qədər artarsa, bir o qədər Azərbaycan üçün yaxşıdır, məşğulluq artar. İşğaldan azad edilən ərazilərdə inşaat işlərinin aparıldığı bir zamanda bu, müsbət haldır. Sərhədlərin açılması yaxşıdır, ölkələrarası mübadilə artacaq.

Qeyd edək ki, sərhədlərdən giriş-çıxış üçün hava nəqliyyatında olduğu kimi turistlər peyvənd pasportu və PCR analizi təqdim etməli, eləcə də İranın Səhiyyə Nazirliyinin sağlamlıq protokollarına əməl etməlidirlər.

İranın keçmiş hökuməti pandemiya ilə bağlı ölkəyə daxil olmaq üçün viza məhdudiyyətləri tətbiq etmişdi. Hazırda İranda COVID-19 infeksiyasının yayılması kifayət qədər azalıb. Sentyabrın əvvəlindən başlayaraq İranda virusa yoluxma və ölüm hallarında azalma müşahidə edilir. Bu da bir sıra turizm obyektlərinin fəaliyyətə başlamasına imkan yaradır.

 

Teqlər