İranın XİN başçısı 44 günlük müharibədə terrorçu cərəyanların bölgəyə gətirildiyini dedi
“Hərbi təlimlərlə sionistlərə və terrorçulara mesaj verildi”
İran İslam Respublikasının xarici işlər naziri İran Televiziyasının Birinci Kanalında Azərbaycan Respublikası ilə yaranmış məsələlərə münasibət bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, Hüseyn Əmir-Abdullahiyan bildirib: “Qarabağın azad edilməsi cərəyanında xoşagəlməz hadisələr baş verdi və terrorçu ünsürlərdən bir qrupu bölgəyə gətirildi. Sionist rejim isə çalışdı ki, yaranmış fürsətdən maksimum dərəcədə sui-istifadə etsin. Onlar Azərbaycan Respublikasının bəzi yerlərində yerləşdirildilər. Biz diplomatik kanallarla siyasi, hərbi və təhlükəsizlik səviyyədə öz narahatlığımızı çatdırdıq. Və Azərbaycan rəsmilərinə deyildi ki, işğal olunmuş rayonların azad edilməsini dəstəkləyirik və ikitərəfli əlaqələrin inkişafına önəm veririk, lakin qondarma sionist rejim ünsürlərinin İran sərhədləri yaxınlığında varlığına dözə bilmərik və bu qətiyyən yolverilməzdir.”
Onun sözlərinə görə, Azərbaycanda bəzi xarici müdaxilələr İran üçün aydın məsələdir. Bunlar çox da uzaq olmayan gələcəkdə Azərbaycan dövlətinə və sionistlərə problem yaradacaq. Son günlər sionistlərin və terrorçuların əməllərinə cavab olaraq hərbi təlimlərin keçirilməsi ilə sionistlərə və terrorçulara mesaj verildi.
İranlı nazir sonra Azərbaycanın Tehrandakı yeni səfiri ilə görüşdə dediklərini də ifadə edib. “Səfirə bildirdim ki, sizin şəraitinizi dərk edirik, sionizmin və terrorizmin sizin ölkədə sizə və qonşu ölkələrə qarşı təhlükəsini dərk edirik. Xarici oyunçuların iki ölkə münasibətlərinə xələl gətirməsinə imkan verməməliyik”, deyə Əmir-Abdullahiyan vurğulayıb.
İran xarici işlər naziri söhbətinin davamında Azərbaycan prezidenti İlham Əliyevin İranla bağlı neqativ fikirlər söylədiyinə xatir diplomatik kanallarla etiraz edilidiyini bildirib və deyib ki, tezliklə tranzit probleminin həlli barədə danışıqlara başlanılacaq və Azərbaycan yolu ilə Ermənistana get-gəl edən yük maşınlarının problemi öz həllini tapacaqdır.
Nazir bununla bağlı qeyd edib: “Nyu-Yorkda azərbaycanlı həmkarıma açıq şəkildə bildirdim ki, İranın yük maşınlarından rüsüm alınacaqsa, bu, bizə xəbər verilməlidir. Sürücülərin saxlanılması qəbuledilməzdir və müsbət davranış sayıla bilməz.”
Əmir-Abdullahiyan sonda sərhədlərin dəyişdirilməsinə icazə verilməyəcəyini söyləyib və deyib ki, İran Azərbaycan Respublikasının böyük qonşusudur və bu məsələ rəsmi Bakının diqqətinə çatdırılıb. Bölgədə sərhədlərin dəyişdirilməsinə imkan verilməyəcək.