Okt 30, 2021 13:31 Asia/Baku
  • Baqiri:

İranın xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Əli Baqiri İranın 4+1 qrupu ilə danışıqlardan məqsədinin zalımcasına sanksiyaların aradan qaldırılması olduğunu bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Baqiri "RT" xəbər kanalına verdiyi müsahibədə İranın nümayəndə heyətinin Brüsselə səfərini dəyərləndirərkən, deyib: "Bizim 4+1 qrupu ilə danışıqlarda məqsədimiz ABŞ-ın İrana qarşı qeyri-qanuni və zalımcasına sanksiyalarının ləğv edilməsidir, ona görə də biz Avropa tərəfi ilə şərtlər, tələblər və hiss olunası nəticələrə nail olmaq barədə danışdıq".

O, nüvə müzakirələrində irəliləyişin qarşı tərəfin qeyri-qanuni sanksiyaları ləğv etməyə dair iradəsindən asılı olduğunu bildirib.

Baqiri daha sonra hər bir ölkənin öz təhlükəsizliyini qorumaq hüququnu vurğulayaraq, İranın müdafiə qabiliyyətinin müdafiə məqsədlərinə yönəlmiş olduğunu bildirib və xarici ölkələrin bu məsələlərə müdaxilə ehtimalını rədd edib.

İranın xarici işlər nazirinin müavini həmçinin Ali Məqamlı Rəhbərin nüvə silahının istehsalı, saxlanılması və ya istifadəsini qadağan edən fətvasına işarə edərək, İranın nüvə fəaliyyətlərini qeyri-hərbi və dinc məqsədli xarakterizə edib.

Baqiri sionist rejimin İrana qarşı ittihamı ilə bağlı deyib: "Bu rejim Qərbi Asiyada nüvə silahına malik olan yeganə rejimdir və buna görə də iddiaçı deyil, təqsirləndirilən şəxs mövqeyindədir".

"Atom Enerjisi üzrə Beynəlxalq Agentlik digər ölkələrin öz qərəzli məqsədləri əsasında AEBA-nın texniki imkanlarından sui-istifadə etməsinə imkan verməməlidir", - deyə o, əlavə edib.

Baqiri Moskvaya səfəri çərçivəsində rusiyalı həmkarı və baş nüvə müzakirəçisi Sergey Ryabkov, eləcə də Rusiya xarici işlər nazirinin müavini və Rusiya prezidentinin Qərb və Şimali Afrika məsələləri üzrə nümayəndəsi Mixail Boqdanov ilə görüşüb.

Teqlər