İran Qərb dövlətlərini ittiham etdi
Amerika və Avropa üçlüyü saxta bəyanatlar verirlər
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi cümə axşamı gecəsi Vyana danışıqları ərəfəsində qərblilərin qeyri-münasib rəftarlarını kəskin şəkildə tənqid edib.
SəhərAzəri-nin məlumatına əsasən, Səid Xətibzadə Tvitter-də Vyana müzakirələri ərəfəsində Amerika, Avropa üçlüyü və İran İslam Respublikasının münasibət və hərəkətlərini müqayisə edib.
Xətibzadə yazıb ki, Vyana danışıqları ərəfəsində İranın ciddi və yüksək səviyyəli müzakirə qrupu təşkil etdiyi, təcili və yaxşı bir razılaşma, eləcə də nüvə anlaşması ilə BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin tam şəkildə icrasını istədiyi, həmçinin regional məşvərətlər apardığı bir halda, qərbli tərəflər sanksiyaları artırmaq, saxta bəyanatlar vermək, təhrif edilmiş rəvayətlər təqdim etmək, eləcə də sionist rejimin təhdidləri qarşısında susmaq kimi hərəkətlərə keçirlər.
Vyana müzakirələri ərəfəsində qərblilərin qeyri-münasib rəftarlarını tənqid edən Xətibzadə qeyd edib ki, iki tərəfin prioritetlərini müqayisə etmək yetər.
Almaniya, Fransa və İngiltərə cümə axşamı günü Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin İdarəetmə Şurasının iclasında Amerikanın diqqətini cəlb etmək istiqamətində bir bəyanat yayıb, agentliklə iən yüksək səviyyədə əməkdaşlığa malik olan İran İslam Respublikasını MAQATE ilə tam şəkildə əməkdaşlıq etməməkdə ittiham ediblər.
İran Amerikanın 8 may 2018-ci il tarixində nüvə anlaşmasından birtərəfli və qanunsuz şəkildə çıxmasından sonra anlaşmanın digər tərəflərinin öz öhdəliklərini yerinə yetirmələri şərti ilə nüvə anlaşmasını qoruyub saxlamağa çalışdı, amma avropalılar anlaşmanın qorunub saxlanılması üçün verdikləri vədə əməl etməkdə heç bir uğur qazanmadılar.
Belə bir şəraitdə İran öz öhdəlikləri ilə hüquqları arasında müvazinət yaratmaq məqsədilə anlaşmanın 26 və 36-cı maddələrinə uyğun olaraq, öz nüvə anlaşması öhdəliklərini etaplarla azaltdı.
Amerika rəsmiləri və bu ölkənin hazırkı prezidenti Co Bayden indiyədək anlaşmaya qayıtmaq üçün addımlar atmaqdan boyun qaçırıblar.
İran İslam Respublikası məsuliyyətli bir ölkə kimi dəfələrlə bildiribdir ki, Amerikanın anlaşmanı pozan tərəf olduğuna görə, sanksiyaları aradan götürməklə anlaşmaya qayıtmalı olan tərəf, məhz Vaşinqtondur və Birləşmiş Ştatların öhdəliklərinin yerinə yetirilməsinin doğruluğu yoxlanılmalıdır.